"Azenco"nun xalis mənfəəti 48 %-ə yaxın azalıb
- 10 sentyabr, 2025
- 11:59

"Azenco" ASC 2024-cü ili 1,856 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 47,5 % azdır.
Ötən il "Azenco"nun satışdan gəlirləri 31,311 milyon manat (əvvəlki ilə nisbətən 3,6 % az), satışının maya dəyəri 28,012 milyon manat (0,2 % az), əsas maliyyə gəlirləri 95 min manat (5,8 dəfə az), sair maliyyə gəlirləri 2,877 milyon manat (10,3 dəfə çox), inzibati və sair əməliyyat xərcləri 383 min manat (26 % çox), sair xərcləri 133 min manat (6,3 % az), faiz xərcləri 294 min manat (31,8 % çox), məzənnə fərqindən gəlir çıxılmaqla zərəri 65 min manat (2,4 dəfə az), mənfəət hesabına konpensasiya edilən keçmiş illərin zərəri 2,950 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi üzrə azadolma və güzəşt xərcləri 127 min manat (2023-cü ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 464 min manat (47,5 % az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azenco"nun aktivləri 235,625 milyon manat olub ki, bu da illik müqayisədə 1,8 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 8 % artaraq 58,774 milyon manata çatıb, balans kapitalı isə 0,1 % azalaraq 176,852 milyon manata düşüb.
Xatırladaq ki, "Azenco" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 6,837 milyon manatdır. Şirkətin səhmlərinin 97,6%-i "İnterenerji" MMC-yə, 2,4%-i isə fiziki şəxslərə məxsusdur.