ARDNF və Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək

Maliyyə
  • 08 sentyabr, 2025
  • 11:09
ARDNF və Çin İnvestisiya Korporasiyası ortaq layihələr həyata keçirəcək

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və Çin İnvestisiya Korporasiyası arasında əməkdaşlığın konkret istiqamətləri üzrə müzakirələr aparılıb, ortaq layihələrin həyata keçirilməsi üzrə növbəti addımlar müəyyən edilib.

"Report" Fonda istinadən xəbər verir ki, bununla bağlı müzakirələr ARDNF-nin İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə işgüzar səfəri çərçivəsində bu ölkənin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Qingsong Zhang ilə görüşdə aparılıb. 

Məlumata görə, bu səfərin əsas məqsədi Çin ilə investisiya əməkdaşlığının gücləndirilməsi və qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarının genişləndirilməsidir.

Səfər çərçivəsində nümayəndə heyəti Çinin ali dövlət nümayəndəsinin iştirakı ilə təşkil olunan dəyirmi masa görüşündə iştirak edib. Qlobal səviyyədə aparıcı təsisat rəhbərlərini bir araya gətirən bu platforma Çində aktiv investisiya fəaliyyəti həyata keçirən investorlarla hökumət nümayəndələri arasında birbaşa fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradıb.

ARDNF-nin nümayəndə heyətinin Çin İnvestisiya Korporasiyasının sədri və icraçı direktoru Qingsong Zhang ilə görüşündə bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində ARDNF ilə Çin İnvestisiya Korporasiyası arasında imzalanmış Anlaşma Memorandumu iki ölkənin suveren investisiya fondları arasında institusional əməkdaşlığın inkişafı baxımından mühüm mərhələ olub. Bu sənəd, bilik və təcrübə mübadiləsi, ortaq dəyərlərə əsaslanan dayanıqlı sərmayə modellərinin qurulması və qarşılıqlı faydalı investisiya təşəbbüslərinin təşviqi üçün strateji çərçivə formalaşdırmaqla Çin-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinə də töhfə verib.