AMB-nin sədri: "AZİR indeksi bu il uçot dərəcəsinə yaxın idarə olunur"
- 19 noyabr, 2025
- 12:56
Azərbaycanda pul siyasəti üzrə islahatlar çərçivəsində ölkədə ilk dəfə olaraq banklararası bir gecəlik təminatsız əqdlər üzrə faiz dərəcəsi - AZIR indeksi Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlayıb və davamlı olaraq uçot dərəcəsinə yaxın idarə olunub.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
O xatırladıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) milli valyutada AZIR indeksinə bağlı üzən faizli istiqrazların yerləşdirilməsinə başlayıb və 50 milyon manatlıq ilk buraxılışı açıq təklif üsulu ilə uğurla yerləşdirib: " Bu, Azərbaycanın maliyyə bazarı üçün böyük nailiyyət olmaqla yanaşı, AZIR indeksinin etibarlı istinad faizi olduğunu göstərir".
"2025-ci ilin ötən dövründə qlobal qeyri-müəyyənliklər şəraitində bank sektoru sabit fəaliyyətini davam etdirib. Bank sektorunda məcmu kapitalın adekvatlıq səviyyəsi 17,7 %, likvidliyin örtülməsi əmsalı 160 % olub. Sektorun kapital mənfəətliyi 18,7 % təşkil edib. Kapital adekvatlığı və likvidlik buferinin yüksək olması bank sektorunun risklərə qarşı dayanıqlığını təmin etməklə yanaşı, onun qərrarlı fəaliyyətini dəstəkləyir. Makroiqtisadi və maliyyə sabitliyi hədəflərinə xələl gətirmədən, bank sektorunun cari ilin 10 ayında kredit portfeli 7 % artaraq 29,4 milyard manata çatıb. Sektorda qeyri-işlək kreditlərin ümumi kredit portfelinə nisbəti 2,7 % təşkil edir. Bu da bank sektorunun kredit portfelinin keyfiyyətli olduğunu göstəricisidir. Kredit portfelinin strukturunda biznes kreditlərinin payı 5 % olaraq qalır", - deyə baş bankir əlavə edib.