ADY-nin I yarımildə yük və sərnişin daşımalarından əldə etdiyi gəlirlər açıqlanıb
- 26 avqust, 2025
- 12:18

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bu ilin yanvar-iyun aylarında yük və sərnişin daşımalarından gəlirləri 200 milyon 447,2 min manat təşkil edib.
Bu barədə “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, ötən ilin 6 ayının göstəricisindən 8,2 % azdır.
Gəlirlərin strukturunda yükdaşımalar üzrə daxilolmalar 192 milyon 618 min manat (- 9,7 %), o cümlədən beynəlxalq istiqamətlər üzrə 166 milyon 268,4 min manat (- 9,9 %), daxili istiqamətlər üzrə isə 26 milyon 349,6 min manat (- 8,2 %) təşkil edib.
Beynəlxalq istiqamətlərdə yükdaşımalardan əldə edilən gəlirlərin strukturunda tranzit daşımaların payı 74 milyon 664,2 min manat (- 19,7 %) olub.
Hesabat dövründə Azərbaycanın dəmir yollarında sərnişindaşımalardan 7 milyon 829,2 min manat (+ 56,7 % çox) gəlir əldə edilib. Bu həcmin hamısı daxili istiqamətlərdə daşımaların payına düşüb.
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dəmir yollarında 8 milyon 442,2 min ton yük (- 9,4 %) və 4 milyon 648,4 min nəfər sərnişin (+ 20,7 %) daşınıb. Bu dövrdə tranzit yükdaşımaların həcmi 3 milyon 267,2 min ton (- 16,9 %) təşkil edib.