Peter Siyarto: "MOL 2026-cı ildə Azərbaycanın ən böyük yataqlarından birindən qaz hasilatına başlamağa hazırlaşır"

Energetika
  • 05 sentyabr, 2025
  • 21:00
Peter Siyarto: MOL 2026-cı ildə Azərbaycanın ən böyük yataqlarından birindən qaz hasilatına başlamağa hazırlaşır

Macarıstanın MOL neft-qaz şirkəti Azərbaycanın ən böyük karbohidrogen yataqlarından birinin operatoru statusunu əldə etməyə imkan verəcək saziş üzrə danışıqların yekun mərhələsindədir.

"Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirilən Macarıstan-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclasından sonra deyib.

"MOL nəinki həmmülkiyyətçi, həm də Azərbaycanın daha bir böyük yatağının operatoru olmağa imkan verəcək daha bir müqavilə imzalamaq ərəfəsindədir. Xam neft hasilatından əlavə, gələn ildən MOL-un dünyanın ən böyük karbohidrogen yataqlarından birinin işlənməsində iştirakının bir hissəsi kimi təbii qaz hasilatına da başlayacağı barədə razılaşma əldə olunub", - o bildirib.

Nazir Azərbaycanla tərəfdaşlığın Macarıstana əhəmiyyətli iqtisadi dividendlər gətirdiyini, iqtisadiyyatın əsas sahələrinin - enerji, əczaçılıq, aqrar-sənaye kompleksi və tikinti sektorunun əhəmiyyətli inkişafına töhfə verdiyini xüsusilə vurğulayıb.

P. Siyartonun sözlərinə görə, Azərbaycanla enerji əməkdaşlığı sayəsində özü əhəmiyyətli karbohidrogen ehtiyatlarına malik olmayan Macarıstan faktiki olaraq enerji istehsal edən ölkəyə çevrilib.

"Macarıstanın MOL neft-qaz şirkəti və dövlətə məxsus MVM şirkəti Azərbaycanda dünyanın ən böyük təbii qaz və neft yataqlarında pay alıb və indi beynəlxalq enerji bazarlarında satıcı kimi çıxış edə bilər. Keçən il MOL qrupunun karbohidrogen hasilatının 15 %-i Azərbaycanla bağlı olub, təxminən 5 milyon barel neft. MVM şirkəti isə dörd ayda (2024-cü ilin sentyabr-dekabr ayları – red.) digər mühüm qaz yatağından 382 milyon kubmetr qaz hasil edib", - Macarıstan XİN başçısı qeyd edib.

P. Siyarto enerji sektoru ilə yanaşı, əczaçılıq sənayesində də irəliləyişlər barədə məlumat verib. Onun sözlərinə görə, əvvəllər Macarıstan şirkətləri Azərbaycan bazarına yalnız əczaçılıq məhsullarının tədarükçüsü kimi çıxış edirdilərsə, indi investisiya müqaviləsi bağlandıqdan sonra iki iri yerli şirkət istehsalçı kimi fəaliyyət göstərə biləcək və bu da onların bazar imkanlarını xeyli genişləndirəcək.

Bundan əlavə, Macarıstanın sərinləşdirici içkilər istehsalçısı "Hell Energy" yaxın vaxtlarda Azərbaycanda istehsal obyektinin tikintisinə başlayacaq.

"Biz Azərbaycanla əməkdaşlığı dünəndən qurmamışıq, on beş ildir qarşılıqlı hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımız var. İndi Bakıda Azərbaycan Prezidenti ilə şəkil çəkdirmək üçün növbəyə duran avropalılar həmin vaxtlar bizə lağ edirdilər", - deyə nazir vurğulayıb.