ADB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası müzakirə edilib

Maliyyə
  • 03 sentyabr, 2025
  • 14:48
ADB-nin Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası müzakirə edilib

Maliyyə naziri Sahil Babayev Asiya İnkişaf Bankının (ADB) Direktorlar Şurasında Azərbaycanı təmsil edən İcraçı direktor xanım Reyçl Tompsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycanla ADB arasındakı əməkdaşlıqdan məmnunluq ifadə olunub, bu əməkdaşlığın kreditlər, qrantlar və texniki yardım vasitəsilə ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr verdiyi qeyd edilib.

ADB-nin 2025–2029-cu illər Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bildirilib ki, strategiya ölkə iqtisadiyyatının şaxələndirilməsi, dayanıqlılığın gücləndirilməsi və inklüziv artımın təmin edilməsinə yönəlmiş kompleks tədbirləri əhatə edir.

S.Babayev Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişaf və makroiqtisadi sabitlik nümayiş etdirdiyini vurğulayaraq, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, sənaye istehsalı, logistika və yaşıl enerji sahələrində iqtisadi şaxələndirmənin uğurla aparıldığını bildirib, həmçinin, "Bakı şəhəri və Abşeron yarımadasında 2025–2034-cü illər üçün su təchizatı, tullantı sularının idarə olunması və yağış sularının axıdılması sistemlərinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra layihələrin maliyyələşdirilməsi, Bakı Metropoliteni xətlərinin genişləndirilməsi, eləcə də ölkənin dəmiryolu infrastrukturunun modernləşməsi istiqamətində ADB-nin dəstəyini qeyd edib.

Öz növbəsində R.Tompson Azərbaycanla ADB arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib və qarşıdakı dövrdə bu tərəfdaşlığın daha da dərinləşdiriləcəyinə əminliyini ifadə edib.