ADB Azərbaycanın su sektoruna mümkün dəstək istiqamətlərini açıqlayıb
- 11 sentyabr, 2025
- 14:06

Asiya İnkişaf Bankı (ADB) Azərbaycan hökumətinə institusional inkişaf və siyasət sahəsində əhəmiyyətli dəstək göstərməyə ümid edir.
"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani Camal Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində təşkil olunan "Su strategiyaları: İnfrastruktur və rəqəmsallaşdırma" adlı panel müzakirələrində deyib.
O, regional əməkdaşlığın resursların idarə edilməsində mühüm rol oynadığını vurğulayıb:
"Birincisi, biz ölkələrin bir araya gələ bilməsi üçün dialoq platforması təqdim edirik. İkincisi, standartlaşdırma ilə kömək edirik ki, bu da xüsusilə ticarət üçün vacibdir. Üçüncüsü, ölkələrə regional investisiya proqramları hazırlamaqda dəstək veririk ki, sonradan bu layihələr ayrı-ayrı ölkələr və ya özəl sektor tərəfindən icra oluna bilsin".
S. Camal əlavə edib ki, ADB müxtəlif regionlarda su resurslarının idarə edilməsində əməkdaşlığı təşviq edir:
"Biz çay hövzələrinin idarə olunması ilə məşğul oluruq, infrastruktur layihələrinə investisiya qoyuruq, mühafizə işlərinə dəstək veririk, təkrar emalı nəzərdən keçiririk. Həmçinin icmalar və vətəndaşların siyasətin nəticələrini anlamasına kömək edirik ki, su kimi həyati resursların qorunmasına daha məsuliyyətlə yanaşsınlar. Bundan əlavə, region üçün buzlaqların əriməsi risklərinin qiymətləndirilməsini aparırıq".
ADB rəsmisi su sektoruna investisiyaların əhəmiyyətini vurğulayaraq bir neçə istiqaməti önə çəkib:
"İlk olaraq, məlumat və texnologiyalara investisiya vacibdir. Buraya su ehtiyatlarının müəyyənləşdirilməsi üçün peyk məlumatları və sensor texnologiyaları daxildir. İkinci istiqamət ağıllı sayğaclardır – istər sənaye, istərsə də məişət istehlakçıları üçün səmərəli su istifadəsini izləmək baxımından önəmlidir. Üçüncüsü, süni intellekt və "rəqəmsal əkizlər" vasitəsilə məlumatların modelləşdirilməsi və proqnozlaşdırılmasıdır".
S. Camal əlavə edib ki, ənənəvi infrastrukturun bərpası və ekoloji həllərə sərmayələr də vacibdir:
"Su hövzələrinin idarə olunması, yeni anbarların yaradılması, boru və drenaj sistemlərinin yenilənməsi Bakı kimi şəhərlər üçün xüsusilə aktuallaşır. Digər tərəfdən, təbii və ekoloji həllərə - məsələn, meşələrin bərpası və su hövzələrinin mühafizəsinə yönələn sərmayələr həm ucuz, həm də çox səmərəli ola bilər. Bu sahədə həm hökumətlərin, həm də icmaların üzərinə böyük məsuliyyət düşür".
Onun sözlərinə görə, ADB dövlət və getdikcə daha çox özəl investisiyaları əhatə edən layihələr reallaşdırır:
"Bu, birbaşa xarici investisiyaların təşviqi və müasir texnologiyaların tətbiqi baxımından çox vacibdir. Hesab edirəm ki, bu istiqamətlərdə ADB Azərbaycana da ciddi dəstək göstərə bilər".