Saatlıda Aqrar Biznes və "Pambıq" festivalları keçirilib
- 05 noyabr, 2025
- 16:54
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi (AİM) və Saatlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Aqrar Biznes və "Pambıq Festivalı" keçirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, Saatlıda təşkil olunmuş tədbir bu il regionlarda keçirilən 15-ci məhsul festivalıdır.
Festivalın əsas məqsədi pambıqçılıq sahəsində istehsal zəncirinin bütün mərhələlərində -toxumçuluqdan yığım və emala qədər - əməkdaşlığın gücləndirilməsi, fermerlərin müasir texnologiyalarla tanış olması, ixrac yönümlü istehsalın təşviqi, regionda aqrar sahibkarlığın inkişafına dəstək verilməsidir. Bununla yanaşı, festival kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında əlaqələrin genişləndirilməsi, yeni tərəfdaşlıqların yaradılması və yerli məhsulların tanıdılması baxımından da mühüm əhəmiyyət daşıyır.
Tədbir çərçivəsində mövsümün 14-cü və sonuncu Toxum sərgi-satış yarmarkası keçirilib. Yarmarkada bölgənin torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış "Qobustan", "Əsgəran", "Mətin", "Maurizio", "Qadio" buğda sortları, eləcə də "Qarabağ 22", "Dəyanətli", "İosif", "Günəş" və "Finola" arpa sortları təqdim olunub. Fermerlərə bu sortların məhsuldarlıq, xəstəliklərə davamlılıq və keyfiyyət göstəriciləri barədə ətraflı məlumat verilib.
AİM-in direktoru Anar Cəfərov çıxışında bildirib ki, ölkə üzrə keçirilən məhsul festivalları yalnız satış və sərgi məkanı deyil, eyni zamanda innovativ ideyaların paylaşılması, yeni biznes modellərinin formalaşması üçün platforma rolunu oynayır. Onun sözlərinə görə, fermerlər və sahibkarlar bu festivallar vasitəsilə tədarükçülərlə, maliyyə qurumları və texnologiya şirkətləri ilə birbaşa təmas qurmaq imkanı əldə edirlər.
Festival çərçivəsində nazirliyin elmi-tədqiqat institutları, o cümlədən Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu da yaxından iştirak edib. İnstitutun stendində pambıqçılıq sahəsində aparılan elmi-tədqiqat işləri, seleksiya istiqamətində əldə olunan nəticələr, yerli və perspektiv pambıq sortları, həmçinin onların becərilmə texnologiyaları barədə ziyarətçilərə ətraflı məlumat təqdim olunub. Bundan əlavə, pambıq bitkisində xəstəlik və zərərvericilərə qarşı mübarizə üsulları, bioloji və aqrotexniki tədbirlərin tətbiqi sahəsində əldə olunan yeniliklər də nümayiş etdirilib.
Festivalda müxtəlif kənd təsərrüfatı məhsul və texnologiyaları, həmçinin pambıqçılıqda geniş istifadə olunan kənd təsərrüfatı texnikaları və aqreqatlar geniş şəkildə sərgilənib.
Aqrar Biznes Festivalı çərçivəsində 3 noyabrda "Aqrar sahədə dövlətin dəstək mexanizmləri" mövzusunda panel müzakirə də keçirilib. Paneldə fermerlərə və sahibkarlara güzəştli kreditlər, subsidiyalar, dövlət proqramları və investisiya dəstəyi imkanları barədə məlumat verilib. Tədbir zəngin mədəni proqramla yekunlaşıb.