Türkiyə yığmasının üzvü: "III MDB Oyunlarında çövkən yarışının favoriti Azərbaycandır"
- 30 sentyabr, 2025
- 13:24

III MDB Oyunlarında çövkən yarışının favoriti Azərbaycan yığmasıdır.
"Report"un Şəkiyə ezam olunan əməkdaşının məlumatına görə, bunu Türkiyə çövkən yığmasının üzvü Fatih Kösen Özbəkistanla oyundan sonra deyib.
O, III MDB Oyunlarının təşkilatçılığı haqqında müsbət fikirlər səsləndirib:
"Azərbaycanda təşkilatçılıq yüksək səviyyədədir. Daha əvvəl də fərqli yarışlarda Azərbaycanda olmuşuq. Təşkilatçılıqdakı uğurlar həqiqətən bizi sevindirir. Hər şey çox gözəldir. Burada olduğumuza görə çox sevinirik".
İdmançı Özbəkistanla matçın çətin keçdiyini söyləyib:
"Oyun gözəl və həmişəki kimi çətin keçdi. Türkiyədə çövkən hələ ki, 2 ildir var. Əlimizdən gələni edirik. Çalışırıq, amma qət edəcək məsafə var. Qısa zaman kəsiyində böyük məsafələr keçərək uğurlu olmağa çalışacağıq. Qarşıdakı oyunlarda qələbə qazanacağımıza ümid edirik".
F.Kösen Azərbaycanın güclü yığmaya malik olduğunu söyləyib:
"Çövkən çox qədim türk oyunudur. Türklər arasında mədəniyyət diplomatiyasının önəmli qoludur. Qardaşları bir araya gətirir. Anadoluda, Osmanlı dönəmlərində bu oyun olmayıb. Sonra yenidən inkişaf etdirilməyə başlanılıb. Azərbaycanda isə hər zaman oynanılıb. Çox güclü yığmanız və oyunçularınız var. Çövkən oyunlarının favoriti Azərbaycandır".
Qeyd edək ki, B qrupunda Özbəkistan millisi Türkiyəni 4:0 hesabı ilə məğlub edib. Çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.