Evren Alkaya: "Əvvəlki turnirlərlə müqayisədə AVRO-2029-da rəqiblərimiz daha münasibdir"
- 03 aprel, 2026
- 14:45
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsində əvvəlkilərlə müqayisədə daha uyğun komandalarla rəqib olub.
Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Evren Alkaya bildirib.
"AVRO-2025 və AVRO-2027 ilə müqayisədə AVRO-2029-un ilkin seçmə mərhələsində daha uyğun rəqiblərlə qarşılaşacağıq. Məsələn, 2025-dəki qrupumuzda yer alan Belçika artıq Avropa çempionu olub. Həmin rəqiblər bizə görə həqiqətən çox güclü idilər", - deyə türkiyəli mütəxəssis söyləyib.
O, qeyd edib ki, əsas məqsəd gənc oyunçuların inkişafıdır:
"Biz gənc oyunçularla turnirlərdə mübarizə aparırıq. Bu yarışlar bizim üçün yayda keçiriləcək B divizionu oyunlarına hazırlıq xarakteri daşıyır. Əsas hədəfimiz əlimizdə olan imkanlarla bu uşaqların gələcəkdə Azərbaycan qadın basketbolu üçün yetişmələrini təmin etməkdir".
E.Alkaya heyətlə bağlı planlarından danışıb:
"AVRO-2029-un ilkin seçmə mərhələsində ilk oyunlarımız noyabrın 11-17-si aralığında baş tutacaq. İrlandiya və İslandiya ilə qarşılaşacağıq. Heyətə 2-3 təcrübəli basketbolçu əlavə edə bilsək, daha yaxşı oynayacağımızı düşünürük. Önümüzdə uzun bir proses var. Yeni oyunçuların da özlərini göstərəcəklərinə inanırıq. Basketbolumuzun inkişafı üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi AVRO-2029-un ilkin seçmə mərhələsində yer aldığı A qrupunda İsveçrə, İslandiya və İrlandiya ilə mübarizə aparacaq.