Əməkdar məşqçi: "Millimizin dünya çempionatında ilk "altılıq"da yer alması böyük nəticə olacaq"

Komanda
  • 18 noyabr, 2025
  • 11:01
Əməkdar məşqçi: Millimizin dünya çempionatında ilk altılıqda yer alması böyük nəticə olacaq

Azərbaycanın qadın şahmatçılardan ibarət millisinin dünya çempionatında ilk "altılıq"da yer alması çox böyük nəticə hesab olunacaq.

Bunu "Report"a açıqlamasında Əməkdar məşqçi Anar Allahverdiyev deyib.

O, İspaniyanın Linares şəhərində keçiriləcək yarışla bağlı təəssüratlarını bölüşüb:

"Komandalararası dünya çempionatı möhtəşəm turnirdir. Bu yarışa hər yığmanı buraxmırlar. 12 kollektivin hamısı elit millilərdir. Çin, Hindistan, Gürcüstan və FIDE komandası çox güclüdür. Bizim şahmatçılarımız da son illərdə yaxşı oyun nümayiş etdirirlər, yaxşı nəticə qazanırlar. Avropa və dünya səviyyəsində tanınmış yığmamız var. Komandamızın liderlərindən biri, Günay Məmmədzadə olmadan turnirdə mübarizə aparacağıq. O, ailəvi səbəblərdən son Avropa çempionatında da iştirak etməyib. Gənc və perspektivli Ayan Allahverdiyeva onu əvəzləyib".

A.Allahverdiyev digər kollektivlər barədə də danışıb:

"Gürcüstan seçməsində də nəsil dəyişikliyi gerçəkləşir. Çində bir neçə güclü şahmatçı dünya çempionatına yollanmayıb. Amma onların digər güclü idmamçıları da var. Dünya çempionatı bizim qadın millimiz üçün çətin olacaq. Burada nəzarət vaxtı da ənənəvi deyil. Dünya çempionatı 45 dəqiqə və əlavə saniyələrlə oynanılır. Bu isə klassik şahmatla tam eyni deyil. Beynəlxalq Şahmat Federasiyası (FIDE) tədricən zamanın qısalmasına doğru irəliləyir. Çünki şahmatın maraqlı olması, auditoriya və TV-də yayım, həmçinin rəklam və sponsor cəlb etmək baxımından sürətli oyuna üstünlük verilir. Bu səbəbdən FIDE gələcək planlarını belə formalaşdırır. Bu, xanım şahmatçılarımız üçün qeyri-adi zaman olacaq. Tam klassik şahmata bənzəmir və rapid də deyil. Burada xüsusi yanaşma var və çətinlik törədə bilər. Yığmamız rəqabətə davamlıdır və hamı ilə vuruşacaq. 12 komanda arasında ilk "altılıq"da yer alsaq, böyük nəticə olacaq".

Qeyd edək ki, dünya çempionatı noyabrın 23-də başa çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti