Azərbaycan millisinin baş məşqçisi: "Başa çatmaqda olan il badminton ailəsi üçün qürurverici oldu"
- 22 dekabr, 2025
- 15:01
2025-ci il Azərbaycan badminton ailəsi üçün çox uğurlu və qürurverici olub.
Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Morteza Validarvi deyib.
O bildirib ki, ötən ilin sonunda öncədən müəyyənləşdirilmiş strateji və taktiki plana uyğun olaraq qarşıya qoyulan məqsədlərə nail ola biliblər:
"Bu icmalı 2 hissəyə bölmək istərdim: idarəetmə və milli komandalar. İdarəetmə bölməsində illərdir diqqət mərkəzində saxladığımız plana əsasən, Azərbaycan artıq Dünya Badminton Federasiyasının nəzərində "məsuliyyətli və fəal" üzvdür. Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun Dünya Badminton Feerasiyasının (BWF) ali idarəedici orqanı sayılan Şuraya Avropa qitəsindən 4 il müddətinə üzv seçilməsi, Azərbaycan Badminton Federasiyasının nümunəvi fəaliyyətinə görə bir sıra beynəlxalq mükafatlara layiq görülməsi, beynəlxalq badminton tədbirlərinə ev sahibliyi etməsi, Bakıda keçirilən beynəlxalq seminarlar və kurslar düzgü yolda olduğumuzu və bu yolda inamla addımladığımızı göstərir".
Mütəxəssis milli komandalar haqqında da danışıb:
"Bunu da üç hissəyə bölmək istəyirəm: Avropa və dünya çempionatları, air badminton və para badminton. Bu il milli komandamızın 13 yaşdan 25 yaşına kimi üzvləri müxtəlif beynəlxalq turnirlərdə uğurla çıxış edib, müxtəlif əyarlı medallar qazanıblar. Şəxsi və komanda reytinqlərində irəlilədik. Reytinqdə irəliləyişin nəticəsində ilk dəfə dünya çempionatında 4 kateqoriya üzrə 6 badmintonçu ilə təmsil olunduq. Bakıda keçirilən airbadminton üzrə Avropa çempionatında gümüş medal qazandıq və bunun sayəsində dünya çempionatının final mərhələsinə vəsiqə qazandıq. Türkiyədə keçirilən parabadminton üzrə Avropa çempionatında medallar əldə etdik və bu sahədə də böyük potensiala malik olduğumuzu göstərdik. MDB Oyunlarında çoxlu sayda medalllar qazandıq. Bizə həmişə dəstək olduqları üçün Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Paralimpiya Komitəsinə təşəkkür etmək istərdim".