Vansyuy Dun: "Orta Dəhlizi inkişaf etdirmədən Çindən Avropaya yük axınını qoruyub saxlamaq çətin olacaq"

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 12:33
Vansyuy Dun: Orta Dəhlizi inkişaf etdirmədən Çindən Avropaya yük axınını qoruyub saxlamaq çətin olacaq

Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında yaradılmış birgə müəssisə Orta Dəhliz çərçivəsində prosedurları tənzimləməyə və xidmət keyfiyyətini yaxşılaşdırmağa imkan verəcək.

"Report" xəbər verir ki, bunu "Beijing Trans Eurasia International Logistics" şirkətinin sədri Vansyuy Dun (Wanxu Dong) Bakıda keçirilən "Qara dəniz-Xəzər logistika forumu 2025: dəhlizlər, yüklər, infrastruktur" adlı konfransda bildirib.

"Orta Dəhlizin iştirakçıları olduğumuz üçün bu marşrutu bərpa edə və inkişaf etdirə biləcəyimizə əmin olmalıyıq. Düşünürəm ki, cavab artıq hamı üçün aydındır: infrastrukturun inkişafı, tikinti və səmərəli koordinasiya lazımdır. Şimalda sərhəd məsələləri, sənəd dövriyyəsi və Beynəlxalq Dəmir Yolu Yükdaşımalarına dair Sazişin qaydalarının koordinasiyasına görə məsul olan UTOC təşkilatı fəaliyyət göstərir. Bizə burada da oxşar struktur lazımdır. Bildiyiniz kimi, artıq Çin, Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında birgə müəssisə yaradılıb. Ümid edirik ki, bu müəssisə Orta Dəhliz üzrə prosedurları tənzimləyə və xidmət keyfiyyətini artıra biləcək", - o qeyd edib.

V.Dun hesab edir ki, Orta Dəhliz üzrə yükdaşımaların inkişafı və xidmətlərin optimallaşdırılması region ölkələri qarşısında duran əsas vəzifələrdən biridir.

Onun sözlərinə görə, Orta Dəhlizin əsas problemlərindən biri əlverişsiz hava şəraiti, pik mövsümlərdə məhdud ötürmə qabiliyyəti və sənəd dövriyyəsi zamanı vaxt itkisidir.

"Keçən il avqust-oktyabr aylarında tranzit vaxtı sabit idi - Siandan Duisburqa orta hesabla 30 gün. Lakin noyabrda əlverişsiz hava şəraiti və yüklənmənin artması səbəbindən Aktau limanında gözləmə müddəti 30 günə qədər artıb. Bu, müştərilərin itirilməsinə səbəb olur. Əgər biz bu dəhlizi birlikdə inkişaf etdirməsək, Çindən Avropaya yük axınını qoruyub saxlamaq çətin olacaq", - V.Dun vurğulayıb.