Tacikistan XİN: Bakıda əldə olunan nəticələr su sahəsində beynəlxalq əməkdaşlığa töhfə verəcək
- 11 sentyabr, 2025
- 17:16

Bakıda əldə olunan nəticələr su sahəsində beynəlxalq əməkdaşlığa töhfə verəcək.
"Report" xəbər verir ki, bunu Tacikistanın Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Manucehr Jobir Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində "Su diplomatiyası: Sərhədləri aşan əməkdaşlıq" adlı panelində deyib.
M. Jobir Azərbaycanın təşəbbüsü ilə təşkil olunan tədbirin regional və beynəlxalq dialoq üçün vaxtında bir platforma olduğunu vurğulayıb.
O bildirib ki, su diplomatiyası, innovasiya, investisiya və elm mövzuları Tacikistanın prioritetləri ilə sıx bağlıdır.
Nazirlik rəsmisi qeyd edib ki, 2018-ci ildə başlanan Düşənbə Su Prosesi qlobal öhdəlikləri milli və regional reallıqlarla əlaqələndirən inklüziv və fəaliyyət yönümlü platforma rolunu oynayır: "Tacikistan 2026-cı ildə ilk "Düşənbə Su Konfransı"na ev sahibliyi edəcək və bu tədbirin 2026-cı ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək "BMT Su Konfransı"na, eləcə də 2028-ci ildə Tacikistanda keçiriləcək "BMT Su Konfransı"na hazırlıq mərhələsi olacağı gözlənilir".
O həmçinin vurğulayıb ki, Azərbaycanın təşəbbüsü ilə keçirilən "Bakı Su Həftəsi" su sahəsində əməkdaşlığın, innovativ həllərin tətbiqinin və regional tərəfdaşlığın gücləndirilməsinin önəmli nümunəsidir.
M. Jobir qeyd edib ki, tədbirdə əldə olunan nəticələr beynəlxalq su səylərinə, o cümlədən Düşənbə Su Prosesi çərçivəsindəki işlərə töhfə verəcək: "Azərbaycandakı dostlarımız və digər tərəfdaşlarla birlikdə su diplomatiyasını və qlobal su əməkdaşlığını gücləndirməyə hazırıq".