Şirvan-Salyan avtomobil yolunun bir hissəsi yenidən qurulur
- 20 iyun, 2015
- 10:17
Bakı. 20 iyun. REPORT.AZ/ Şirvan-Salyan avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir. Artıq yolun 5 kilometr hissəsində asfalt-beton örtüyünün üst qatı frez maşınları ilə qaşınıb, yararsız qrunt qazılaraq çıxarılıb və kənara daşınib, 5 kilometrlik hissədə torpaq yatağı tikilib, karbonat materialı tökülərək kipləşdirilib, 2.3 kilometr hissədə isə 30 sm qalınlıqda əsas tikilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibliyindən “Report”a verilən məlumata görə, ötən gündən etibarən isə yolun Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində təmir-tikinti işlərinə başlanılıb. Ərazidə yol yatağı asfalt-beton örtüyünün döşənməsi üçün tam hazır vəziyyətə gətirilib və artıq sözügedən hissədə asfaltlanma işlərinə start verilib.
Qeyd edək ki, uzunluğu 31 kilometr olan Şirvan-Salyan avtomobil yolunun 23 kilometri, yerli əhəmiyyətli M-3 (47 km, Fəhlə qəsəbəsi-Çadırlı avtomobil yolu) Nəqliyyat Nazirliyinin, qalan 8 kilometri isə Şirvan Şəhər İcra Hakimiyyətinin mülkiyyətinə aiddir. Yolun III dərəcəyə uyğun yenidən qurulması üçün hazırlanmış layihə-smeta sənədlərinə əsasən, torpaq yatağının eni 12 metr, hərəkət hissəsinin eni 7 metr, hərəkət zolaqlarının sayı 2, çiyinlərin eni 2,5 metrdir.