Səkinə Babayeva: "İqlim dəyişikliyinin təsirlərini ən çox qadınlar hiss edir"

İnfrastruktur
  • 12 sentyabr, 2025
  • 11:38
Səkinə Babayeva: İqlim dəyişikliyinin təsirlərini ən çox qadınlar hiss edir

İqlim dəyişikliyinin təsirlərini ilk və ən kəskin şəkildə hiss edənlər məhz qadınlardır.

"Report" xəbər verir ki, bunu Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva "She Builds Green: Qadın Sahibkarların Azərbaycanda İqlim Dayanıqlığına Töhfələri" adlı konfransında çıxışı zaman deyib.

Onun sözlərinə görə, çünki onlar həm ailə təsərrüfatının idarə olunmasında, həm də təbii resursların qorunmasında əsas rol oynayırlar: "Qadın sahibkarların rolu xüsusilə ailə təsərrüfatlarının idarə olunmasında və alternativ enerji mənbələrinin istifadəsində önəmlidir. Günəş panelləri, damcılı suvarma sistemləri, istixanaların enerji səmərəliliyi kimi həllər qadınların iştirakı ilə daha sürətlə yayılır. Qadın sahibkarların iqlim dəyişikliyi ilə mübarizədə iştirakı həm sosial, həm iqtisadi, həm də ekoloji baxımdan mühüm əhəmiyyət kəsb edir.

S. Babayeva vurğulayıb ki, 2016-cı ildən  etibarən başlayaraq Azərbaycanda qadın sahibkarlarının şəbəkələşməsi prosesi daha da genişlənib: "Hədəf qadınların bir-birinə dəstək olması, təcrübə mübadiləsi aparması və bizneslərini inkişaf etdirməsidir. Qadın sahibkarların yaratdığı birlik həm sosial, həm də iqtisadi baxımdan əhəmiyyətli rol oynayır".

O qeyd edib ki, iqlim dəyişikliyi xüsusilə torpaqların şoranlaşması, su ehtiyatlarının azalması və kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi ilə özünü göstərir: "Bu sahədə biz assosiasiya olaraq müxtəlif beynəlxalq təcrübələri Azərbaycana gətirməyə çalışmışıq. 2018-ci ildən başlayaraq Macarıstandan ekspertlər dəvət olunub, şoran torpaqların bərpası və damcılı suvarma üsullarının tətbiqi müzakirə edilib. Bundan əlavə, Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə bir sıra layihələr həyata keçirilmiş, qadınlara maliyyə imkanları və təlim proqramları təqdim edilib. Bu təşəbbüslər nəticəsində qadınların biznesdə mövqeyi güclənir, onların imici və ictimai nüfuzu artır".