Avropa Komissiyası: Hərbi mobillik paketi əhəmiyyətli investisiyalar tələb edəcək
- 19 noyabr, 2025
- 19:55
Avropa Komissiyası tərəfindən təqdim olunan hərbi mobillik paketi 2028–2034-cü illəri əhatə edəcək növbəti yeddiillik büdcə çərçivəsində "Avropanı birləşdirək" mexanizmi vasitəsilə bu məqsədlərə 17,7 milyard avro ayrılmasını nəzərdə tutur ki, bu da hazırkı büdcədəki 1,7 milyard avrodan on dəfə çoxdur.
"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə bu gün Avropa Komissiyası tərəfindən təsdiqlənmiş sənədlərdə qeyd olunub.
Planın mərkəzində yeni Avropa hərbi mobilliyə gücləndirilmiş reaksiya sistemi (EMERS) dayanır. Bu yeni mexanizm üzv ölkələrə və ya Komissiyaya fövqəladə hallarda adi nəqliyyat qaydalarının müvəqqəti dayandırılmasını təklif etməyə imkan verəcək.
EMERS işə düşdükdən sonra hərbi qüvvələrə infrastruktur, nəqliyyat vasitələri və əsas xidmətlərə prioritet çıxış imkanı veriləcək.
Hazırda blokun yolları, körpüləri, dəmir yolları və bürokratik prosedurları təhlükə zamanı sürətli reaksiya göstərməyə imkan vermir. Bəzi ölkələr icazələrin verilməsi üçün 45 günlük əvvəlcədən xəbərdarlıq tələb edir.
Avropa komissarı Andryus Kubilyusun sözlərinə görə, Aİ-nin strategiyası Ukrayna təcrübəsindən dərs çıxarmaqdır: "Silahlı qüvvələrimiz dəqiqələr və saatlar ərzində hərəkət edə bilməlidir – həftələr və aylar ərzində yox. Qoşunların hərəkəti üçün 45 gün tələb olunması müasir şəraitdə qəbuledilməzdir. Sürət müdafiə və çəkindirmənin təməl daşıdır".
Təqdim olunan paketdə Avropanın hərbi mobilliyi artırmaq səylərinin böyük hissəsi 500 kritik nöqtənin müəyyənləşdirilməsinə və prioritet dəhlizlər boyunca "dar hissə"lərin aradan qaldırılması üçün hədəfli investisiyalara yönəldilir. Lakin bu məlumatın həssaslığı səbəbindən Kubilyus hansı dəhlizlər və "dar hissə"lərdən söhbət getdiyini açıqlamaqdan imtina edib.
Bundan əlavə, Aİ-nin nəqliyyat infrastrukturunun Ukrayna ilə əlaqəsinin yaxşılaşdırılması da nəzərdə tutulur ki, bu da hesablamalara görə, 100 milyard avroya başa gələcək.
Sənədin təqdimatı zamanı AK nümayəndələri qeyd ediblər ki, sülh dövründə hərbi sahəyə bu qədər ciddi maliyyə yatırımlarını avropalılara izah etmək çətindir. Lakin əsas arqumentlər ondan ibarətdir ki, fövqəladə vəziyyət zamanı hazırlıqsızlıq ölümcül ola bilər, həmçinin infrastrukturun, texnologiyaların və sənayenin inkişafı ikili təyinata malikdir – həm dinc həyat üçün istifadə olunur, həm də iş yerləri yaradır.