Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı ictimai müzakirə aparılıb

İnfrastruktur
  • 16 sentyabr, 2025
  • 19:20
Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı ictimai müzakirə aparılıb

İmişlidə Qarabağ suvarma kanalının yenidən qurulması layihəsində işlərin sürətləndirilməsi və aidiyyəti qurumlarla əlaqələrin səmərəli təşkili məqsədilə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimai müzakirə keçirilib. 

"Report"un Muğan bürosunun məlumatına görə, belə müzakirələrin əsas məqsədi layihə zonasında yaşayan əhalinin, eləcə də müvafiq sahə üzrə mütəxəssislərin fikirlərinin öyrənilməsi və nəzərə alınmasıdır. 

Müzakirədə İmişli Rayon İcra Hakimiyyətinin rəsmiləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məsul nümayəndələri, həmçinin kanalın keçdiyi kəndlərin icra nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Tədbirdə bildirilib ki, ölkəmizdə meliorasiya və su təsərrüfatı sahəsi hər zaman Prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir. Bu diqqət sayəsində mövcud su fondlarının qorunub saxlanılması, istismarının yaxşılaşdırılması və sahənin müasir tələblərə uyğun inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. 

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eksperti tərəfindən "Qarabağ suvarma kanalının yenidən qurulması" layihəsi ilə bağlı təqdimat keçirilib, layihənin texniki-iqtisadi göstəriciləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. 

Tədbirin sonunda iştirakçıların səsləndirdiyi fikirlər nəzərə alınaraq müvafiq qeydlər aparılıb.

Qeyd edək ki, aprelin 14-də Prezident İlham Əliyev "Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamın imzalanmasında məqsəd Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti