Nəqliyyat naziri: "Çexiya Zəngəzur dəhlizinin inkişafını yaxından izləyir" - MÜSAHİBƏ

İnfrastruktur
  • 08 oktyabr, 2025
  • 10:48
Nəqliyyat naziri: Çexiya Zəngəzur dəhlizinin inkişafını yaxından izləyir - MÜSAHİBƏ

Çexiya Azərbaycanı Avrasiya regionunda nəqliyyat və logistika əlaqələrində əsas tərəfdaşlardan biri kimi dəyərləndirir. Əməkdaşlıq əsasən infrastrukturun inkişafı, Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) layihələrində iştirak, dəmir yolu və şəhər nəqliyyatının modernləşdirilməsi, eləcə də aviasiya və liman səhələrində əməkdaşlığın gücləndirilməsinə yönəlib.

Çexiyanın nəqliyyat naziri Martin Kupka "Report"a müsahibəsində Çexiyanın prioritetləri, Orta Dəhlizinin inkişaf perspektivləri, Azərbaycan infrastrukturuna maraq və ikitərəfli əməkdaşlığın yeni formatları barədə danışıb.

Həmin müsahibəni oxucularımıza təqdim edirik:

- Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun bu yaxınlarda Çexiyaya səfərindən sonra nəqliyyat və ya logistika sahəsində hansı konkret razılaşmalar əldə olunub? İkitərəfli əməkdaşlıq üçün hansı perspektivlər açılır?

- Nazir Mikayıl Cabbarovun Çexiyaya son səfəri qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və nəqliyyat və logistika sahəsində əməkdaşlıq sahələrinin araşdırılması üçün dəyərli imkan yaratdı. Konkret razılaşmalar hələlik nəzərdən keçirilmə mərhələsində olsa da, tərəflər əlaqənin genişləndirilməsində və dayanıqlı infrastrukturun inkişafının dəstəklənməsində maraqlı olduqlarını bildiriblər.

Perspektivli təşəbbüslərdən biri Çexiyanın Bakı Metropoliteni üçün "ŠKODA Transportation" şirkətindən yeni qatarların və tramvay tədarükü təklifidir ki, bu da vətəndaşlar üçün müasir, yüksək keyfiyyətli nəqliyyat həlləri təqdim edəcək və bilavasitə Azərbaycanda yeni iş yerləri yaradacaq.

- Alternativ Avrasiya tranzit marşrutu kimi Orta Dəhlizin inkişafında iştirak etmək üçün Çexiyanın prioritetləri hansılardır? Azərbaycan və regionun digər ölkələri ilə birgə yeni və ya davam edən layihələrdə iştirak etmək planları varmı?

- Çexiya Avrasiya tranziti üçün davamlı və etibarlı marşrut kimi Orta Dəhlizin strateji əhəmiyyətə malik olduğunu qəbul edir. Bizim prioritetimiz multimodal nəqliyyat həllərini dəstəkləmək və müvafiq layihələrdə, o cümlədən Azərbaycan və digər regional tərəfdaşlarla əməkdaşlıqda iştirak etməkdir.

Çexiya şirkətləri əvvəllər Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi layihəsində iştirak ediblər və gələcək əməkdaşlıqda maraqlıdırlar. Orta Dəhliz xüsusilə vacibdir, çünki o, Rusiyadan yan keçən marşrut təklif edir.

- Hazırda Çexiya logistika və liman operatorları (o cümlədən Hamburq limanı kimi böyük Avropa qovşaqları) ilə Bakı Beynəlxalq Dəniz Limanı arasında strateji əməkdaşlıq mövcuddurmu? Bu cür əməkdaşlığın inkişaf etdirilməsi üçün hansı perspektivlər var?

- Çexiya əsas Avropa qovşaqları da daxil olmaqla logistika operatorları və liman infrastrukturu arasında əməkdaşlığın gücləndirilməsi təşəbbüslərini alqışlayır. Biz Bakı Beynəlxalq Dəniz Limanı ilə əlaqələrin inkişafında, xüsusən də Orta Dəhliz və Şərqi Asiyadan Avropaya tranzit kontekstində potensial görürük.

- Çexiya Ələt Azad İqtisadi Zonasında layihələrdə iştirak etməyi düşünürmü? Bu mərkəzin logistika, tranzit və investisiya potensialına maraq nə dərəcədə böyükdür?

- Çexiya Ələt Azad İqtisadi Zonasının inkişafını diqqətlə izləyir və onun regional logistika və investisiya qovşağı kimi potensialını tanıyır. Əlaqəlilik və innovasiya sahəsində strateji maraqlarımıza uyğun olaraq əməkdaşlıq imkanları araşdırılır.

Layihə həm də Çexiyadakı potensial investorlara təqdim olunur ki, bu da bizim qarşılıqlı faydalı tərəfdaşlıq qurmaq öhdəliyimizi əks etdirir.

- Bakı ilə Praqa və ya Çexiyanın digər şəhərləri arasında birbaşa uçuşların artırılması planlaşdırılırmı? Çexiya Azərbaycanla həm sərnişin, həm də yük daşımalarında hava əlaqələrinin inkişafında nə dərəcədə maraqlıdır?

- Azərbaycan ilə Çexiya arasında hava əlaqələrinin gücləndirilməsi qarşılıqlı maraq doğuran məsələdir. Hazırda uçuşların sayı məhdud olsa da, biz sərnişin və yük hava daşımalarının artırılması üçün maraqlı tərəflərlə müzakirələrə açığıq. Bu sahədə inkişaf təkcə biznes üçün deyil, həm də turizm və mədəni mübadilə üçün əsasdır.

- Zəngəzur dəhlizi layihəsində Çexiyanın mövqeyi necədir? O, Avrasiya logistikasına və Avropa İttifaqının nəqliyyat siyasətinə təsir edə biləcək amil kimi nəzərdən keçirilirmi?

- Çexiya regional əlaqəni və sabitliyi təşviq edən təşəbbüsləri dəstəkləyir. Xüsusilə son hadisələr və Azərbaycan, Ermənistan və ABŞ arasında davam edən üçtərəfli danışıqlar fonunda Zəngəzur dəhlizinin inkişafını diqqətlə izləyirik.

- Çexiyanın nəqliyyat və ya tikinti şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində nəqliyyat infrastrukturunun bərpası və inkişafında iştirak etməkdə maraqlıdırlarmı? Bu sahədə artıq müzakirə edilmiş və ya ilkin razılaşdırılmış əməkdaşlıq formaları varmı?

- Çexiyanın nəqliyyat və tikinti şirkətlərinin qədim beynəlxalq əməkdaşlıq ənənələri var. Biz beynəlxalq müqavilələr çərçivəsində və qarşılıqlı maraqların olduğu yerlərdə Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı sahəsində əməkdaşlıq imkanlarının araşdırılmasına açığıq.

- Azərbaycan şirkətləri Çexiyada nəqliyyat infrastrukturunun tikintisi və ya modernləşdirilməsi layihələrində iştirak edirmi? Bu cür əməkdaşlığı genişləndirmək üçün hansı potensial var?

- Çexiya öz infrastrukturunun inkişafında beynəlxalq iştirakı alqışlayır. Hazırda Azərbaycan şirkətləri heç bir böyük layihədə iştirak etmir, lakin biz əməkdaşlığın genişləndirilməsi üçün potensial görürük.

Çexiya dövlət-özəl tərəfdaşlıq (PPP) layihələrini fəal şəkildə inkişaf etdirir ki, bu da Azərbaycan şirkətlərinə, xüsusən də Çexiya şirkətləri ilə konsorsiumlara imkanlar yarada bilər. Artıq Türkiyə şirkətləri həm infrastruktur, həm də vaqon istehsalı üzrə tenderlərdə iştirak edir.

- Çexiya ilə Azərbaycan arasında kosmik texnologiyalar, o cümlədən peyk rabitəsi, naviqasiya sistemləri, Yerin məsafədən zondlanması sahəsində əməkdaşlıq nəzərdə tutulurmu?

- Çexiya kosmik sektorunu fəal şəkildə inkişaf etdirir və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. Biz peyk rabitəsi, naviqasiya sistemləri və Yerin müşahidə texnologiyaları sahələrində Azərbaycanla birgə təşəbbüslərin araşdırılmasına açığıq.

Hər iki ölkə kosmosun tədqiqində öz yerini tutmağa çalışır və həm biznes, həm də elm sahəsində əməkdaşlıq üçün əhəmiyyətli potensiala malikdir.

Son xəbərlər

Bütün Xəbər Lenti