İlqar İsbatov: "Azərbaycan şəhərsalma və memarlıq ənənələri ilə seçilən ölkədir"

İnfrastruktur
  • 24 dekabr, 2025
  • 13:03
İlqar İsbatov: Azərbaycan şəhərsalma və memarlıq ənənələri ilə seçilən ölkədir

Azərbaycan tarixən şəhərsalma və memarlıq sahəsində dünyaya mühüm töhfələr vermiş ölkələrdən biridir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsini şərh edərkən jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan qədim dövrlərdən şəhərsalma və memarlıq sənətinin formalaşıb inkişaf etdiyi ərazilərdən biridir: "Ölkə ərazisində müxtəlif memarlıq məktəbləri mövcud olub və bu ənənələr tarixin növbəti mərhələlərində də uğurla davam etdirilib. Dünya irsinə daxil edilmiş İçərişəhər, Qız Qalası və Şirvanşahlar Sarayı kompleksi bunun bariz nümunələridir. Həmçinin, Şəki şəhəri də UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib".

İ.İsbatov bildirib ki, 2025-ci il görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinin UNESCO xətti ilə qeyd olunacağı il olunur. O, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə şəhərsalma və memarlıq sahəsində müasir tələblərə uyğun köklü dəyişikliklərin həyata keçirildiyini, şəhər və kəndlərin planlaşdırılmasında əsaslı dönüş yarandığını vurğulayıb. İ.İsbatov bu prosesin davamlılığı üçün zəruri institusional mexanizmlərin formalaşdırıldığını da qeyd edib.

Sədr müavini 2025-ci ilin son günlərində Prezident İlham Əliyevin sərəncamı ilə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan edilməsini əlamətdar hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, bu qərar qarşıdakı ildə planlaşdırılan bir sıra mühüm tədbirlərlə birbaşa bağlıdır:

"Bunlardan biri may ayında Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasıdır (WUF13). Forumun paytaxtımızda təşkil olunması dünya miqyaslı mühüm hadisədir və Bakı bu mötəbər tədbirə ev sahibliyi edəcək.

İkinci vacib məqam isə işğaldan azad olunmuş ərazilərdə qayıdış üzrə birinci dövlət proqramının yekun mərhələsinə qədəm qoyulmasıdır. 2026-cı ildə Qarabağda yaşayış məntəqələrinin, ictimai binaların və sənaye obyektlərinin tikintisinin başa çatdırılması, minlərlə məcburi köçkünün doğma yurdlarına qayıdışı nəzərdə tutulur. Bu proses çərçivəsində şəhərsalma və memarlıq sahəsində də mühüm vəzifələr qarşıya qoyulub".

İ.İsbatov Prezident İlham Əliyevin rəhbərliyi dövründə şəhərsalma və memarlıq sahəsində misilsiz nailiyyətlərin əldə edildiyini vurğulayıb. Onun sözlərinə görə, şəhərlərin planlı inkişafı yeni mərhələyə qədəm qoyub, Bakı və digər şəhərlər üzrə planlaşdırma sənədləri hazırlanıb, Bakının Baş Planı isə 2023-cü ilin sonunda təsdiqlənib. Bu sənədə uyğun olaraq paytaxtda ardıcıl şəkildə yaşayış məhəllələri salınır, sənaye obyektləri inşa olunur, yol-nəqliyyat və digər infrastruktur yenilənir, eyni zamanda ekoloji sağlamlaşdırma tədbirləri həyata keçirilir.

O qeyd edib ki, Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və Ağ Şəhər yaşayış kompleksi müasir Azərbaycan memarlığının və şəhərsalmasının ən parlaq nümunələridir və bu layihələr gələcək inkişaf üçün mühüm stimul rolunu oynayır.

Sədr müavini landşaft memarlığı sahəsində əldə olunan uğurları da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Dənizkənarı Milli Parkın yenidən qurulması və Mərkəzi Şəhər Parkının salınması şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, sakinlərin istirahəti və asudə vaxtının səmərəli təşkili üçün geniş imkanlar yaradıb.

Son xəbərlər

Bütün Xəbər Lenti