İlqar Gülməmmədov: "Kür və Araz çaylarında sululuğun azalması yeni həllərə ehtiyac yaradır"
- 12 sentyabr, 2025
- 10:44

Azərbaycanda Kür və Araz çaylarında sululuğun azalması, qeyri-sabit yağıntılar və torpaqların şorlaşması ölkəni alternativ su idarəçiliyi həllərinə yönəldir.
"Report" xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlqar Gülməmmədov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı – "Baku Water Week" çərçivəsində təşkil olunan "Xəzər Su İnnovasiya Forumu 2025: Suya dəyər qatırıq" panelində deyib.
Onun sözlərinə görə, mövcud ekoloji problemlər suyun təkrar emalını, tullantı sularının təmizlənməsini və yağış sularının toplanmasını zəruri edir:
"Bu istiqamətdə elmi tədqiqatların aparılması, pilot layihələrin tətbiqi və alternativ su potensialının müəyyənləşdirilməsi gələcək nəsillər üçün dayanıqlı su təsərrüfatının formalaşdırılması baxımından vacibdir".
İ. Gülməmmədov əlavə edib ki, Azərbaycan son illər ərzində su ehtiyatlarının idarə olunması sahəsində mühüm addımlar atıb:
"Prezidentin müvafiq sərəncamı ilə Dövlət Su Komissiyası yaradılıb, Milli Su Strategiyası qəbul olunub, yeni infrastruktur layihələrinin icrasına başlanılıb. Eyni zamanda, rəqəmsallaşma və ağıllı texnologiyaların tətbiqi sürətləndirilib".
Onun sözlərinə görə, bütün bu tədbirlərin əsas məqsədi ölkənin su təhlükəsizliyini möhkəmləndirmək, sudan istifadədə səmərəliliyi artırmaq və iqlim dəyişikliklərinin mənfi təsirlərinə uyğunlaşmanı təmin etməkdir.
ADSEA rəsmisi həmçinin vurğulayıb ki, bu prosesdə özəl sektorun rolu da böyükdür:
"İstehlakın və investisiyaların artması, rəqəmsal və innovativ texnologiyaların genişlənməsi biznes subyektlərinin sahəyə marağını gücləndirib. Biznesin fəal iştirakı xərclərin optimallaşdırılması və gəlirliliyin artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə keçirilən Xəzər Su İnnovasiya Forumu müasir yanaşmanın bariz nümunəsidir".