Horadiz-Ağbənd dəmir yolu xəttinin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq

İnfrastruktur
  • 05 sentyabr, 2025
  • 17:50
Horadiz-Ağbənd dəmir yolu xəttinin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq

Horadiz-Ağbənd dəmir yolu xəttinin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq.

"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ("Tramp marşrutu") mövcud marşrutlara alternativ yaradır və yüklərin diversifikasiya olunaraq müxtəlif istiqamətlərə daşınmasını təmin edir: "Zəngəzur dəhlizi Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Cənubi Qafqaz–Avropa marşrutunu birləşdirən Orta dəhlizin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Bu dəhliz tarixi İpək Yolunun bərpasına xidmət etməklə yanaşı, Azərbaycanı Naxçıvan və Türkiyə üzərindən birbaşa Avropaya bağlayır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də "Şimal–Cənub" nəqliyyat marşrutları üçün əhəmiyyətli əlavə dəyər yaradır və Azərbaycanın tranzit imkanlarının genişlənməsinə xidmət edir".

B. Hacıyev qeyd edib ki, Zəngəzur dəhlizi mövcud marşrutlara alternativ yaradır və yüklərin diversifikasiya olunaraq müxtəlif istiqamətlərə daşınmasını təmin edir: "Bu, regionun tranzit imkanlarını genişləndirir, Azərbaycanı isə Orta Dəhliz üzrə daha güclü logistika qovşağına çevirir".

Qeyd edək ki, 2024-cü ildə Orta Dəhlizlə ((Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) yük daşımalarının həcmi 62 % artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə bu göstəricinin artaraq 5,2 milyon tona çatacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutun iştirakçısı olan ölkələrin ərazisindən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yüklərin (96 min TEU), 1,7 milyon tonu isə neftin payına düşəcək. 2027-ci ilə qədər marşrutun buraxılış qabiliyyəti ildə 10 milyon tona çata bilər.