Gürcüstan və ABŞ arasında Orta Dəhlizlə bağlı müzakirələr aparılıb
- 12 sentyabr, 2025
- 16:25
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirivişvili Tbilisidə ABŞ Ticarət Nazirliyi tərəfindən təşkil edilmiş biznes missiyasının nümayəndələri ilə görüş keçirib.
Bu barədə "Report" Gürcüstan İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Görüş zamanı ikitərəfli və regional əməkdaşlıq perspektivləri müzakirə edilib.
M.Kvirivişvili ABŞ ilə strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb və Gürcüstan tərəfinin münasibətlərin yenidən qurulmasında və aktiv əməkdaşlığın bərpasında maraqlı olduğunu bildirib.
Nazir böyük infrastruktur layihələrinə - Şərq-Qərb avtomobil yolunun tikintisinə, dəmir yolunun modernləşdirilməsinə və liman infrastrukturunun yenilənməsinə diqqət çəkib: "Bunlar ölkənin tranzit funksiyasını gücləndirməli və Orta Dəhlizin rəqabət qabiliyyətini artırmalıdır".
Görüşdə, həmçinin qeyd edilib ki, amerikalı iş adamları Gürcüstandan əlavə, əvvəllər Qazaxıstan və Azərbaycana da səfər edərək, regionun ticarət, enerji, infrastruktur və logistika sahələrindəki imkanları ilə tanış olublar.
Səfər ABŞ Ticarət Nazirliyi, ABŞ-Gürcüstan Biznes Şurası (AGBC), ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və Qazaxıstandakı ABŞ Ticarət Palatası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.