Gələn ilin mayında Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumu keçiriləcək
- 10 sentyabr, 2025
- 13:43

Gələn ilin may ayında Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti keçiriləcək.
"Report" xəbər verir ki, bunu Şərq Tərəfdaşlığı Ticarət və Nəqliyyat Layihəsinin (GİZ) Azərbaycan üzrə koordinatoru Elsevər Quliyev Bakıda keçirilən "Qara-Xəzər dənizi yükdaşıma forumu: dəhlizlər, yüklər, infrastruktur" forumunda bildirib.
"Bu ilin mayında Almaniyanın Leyspiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunda iştirak etdik. Bu forumda müzakirələrin əsas nəticəsi odur ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üçün böyük investisiyalara ehtiyac var", - o qeyd edib.
Onun sözlərinə görə, infrastruktura, nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılmasına investisiya mühüm əhəmiyyət kəsb edir: "Bundan başqa, TBNM layihəsində əsas maneə inzibati baryerlərdir. Onun aradan qaldırılması çox vacibdir. İnvestisiyalar isə hökumətlər, beynəlxalq təşkilatlar, özəl sektor tərəfindən təmin olunmalıdır".
Xatırladaq ki, Beynəlxalq Nəqliyyat Forumunun İllik Sammiti nəqliyyat nazirlərinin ən böyük toplantısı və dünyanın əsas qlobal nəqliyyat siyasəti tədbiridır. Hər il may ayında nəqliyyat sahəsinə məsul olan nazirlər, biznes liderləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament üzvləri və siyasət tərtibçiləri, biznes assosiasiyalarının nümayəndələri və aparıcı tədqiqatçılar üç gün ərzində Almaniyada, Leypsiq şəhərində strateji mövzu prizmasından nəqliyyatın gələcəyini müzakirə etmək üçün toplaşırlar.
Sammitdə iştirak ITF-in 69 üzv ölkəsindən kənara çıxaraq, 80-dən çox ölkədən 1 200-dən artıq iştirakçıya qədər artıb. Bu tədbir getdikcə daha çox biznes iştirakçılarını cəlb edir, CEO-lar yüksək səviyyəli müzakirələrə qoşulur və şirkətlər öz işlərini Sammit sərgisində təqdim edir və ya tədbiri sponsorluq edirlər. ITF Korporativ Tərəfdaşlıq Şurasının illik iclası Sammitin bir hissəsi olaraq keçirilir.