Azərbaycanın U-19 millisinin baş məşqçisi: "Polşaya 0:6 hesablı məğlubiyyət faciə deyil"

Futbol
  • 10 sentyabr, 2025
  • 15:55
Azərbaycanın U-19 millisinin baş məşqçisi: Polşaya 0:6 hesablı məğlubiyyət faciə deyil
Elxan Abdullayev

Polşa yığmasına 0:6 hesablı məğlubiyyət faciə deyil.

Bunu "Report"a açıqlamasında Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Mütəxəssis Sloveniyada Polşaya 0:6 hesablı məğlubiyyəti şərh edib:

"Bu hesab bizi çox üzdü. Amma reallığı unutmaq olmaz. Polşa ilə bizim yığma arasında yerlə göy qədər fərq var. Onlar hər cəhətdən bizi üstələyirdilər. Üstəlik, belə rəqiblə axırıncı oyunda qarşılaşmaq daha çətin idi. Çünki əvvəlki 2 matçda yetərincə güc sərf etmişdik. Polşa ilə oynamağı özüm çox istəyirdim. Çünki güclü rəqiblə qarşılaşmağın faydalı olacağını düşünürdüm".

O, böyük hesabla uduzmağın faciəvi olmadığını söyləyib:

"İstənilən halda, bu məğlubiyyəti faciə hesab etmirəm. Baxmayaraq ki, hesab çox böyük oldu. Lakin futbolçularımız bu məğlubiyyətdən dərs çıxaracaqlar. Və biz gördük ki, həqiqətən komandamızda çatışmazlıqlar çoxdur. Ümumilikdə turnir ərzində futbolçulardan razı qaldım. Onlar bu yarışda vuruşdular və əllərindən gələni edərək, xarakter nümayiş etdirdilər. Təəssüf ki, səviyyə fərqi sonda sözünü dedi".

Qeyd edək ki, U-19 təlim-məşq toplanışı çərçivəsində qatıldğı "Slovenia Nations Cup"da keçirdiyi ilk iki matçda İslandiya və Farer adaları komandalarını 2:1 hesabı ilə məğlub edib. Komanda turnirdəki sonuncu matçda Polşaya uduzub - 0:6.