Bakı metrosu: Gələcəkdə gediş haqqının ödənilməsi üztanıma sistemi ilə mümkün olacaq

İnfrastruktur
  • 12 sentyabr, 2025
  • 13:12
Bakı metrosu: Gələcəkdə gediş haqqının ödənilməsi üztanıma sistemi ilə mümkün olacaq

Bakı metropolitenində gediş haqqının ödəniş üsullarının genişləndirilməsi istiqamətində işlər aparılır.

"Report" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gediş haqqının ödənilməsində biometrik (üztanıma) sistemin metro nəqliyyatında tətbiqi gələcəkdə mümkün hesab olunur: "Lakin hazırda bu məsələnin aktuallığı yalnız gələcək planların, texniki həllərin müzakirələri, habelə bu texnologiyaların ölkəmizdə genişlənməsinin və dünya təcrübəsinin diqqət mərkəzində saxlanılması və öyrənilməsi çərçivəsində mövcuddur".

E.Əhmədov bildirib ki, hazırda Bakı metropolitenində plastik kartlar və QR bilet sistemi ilə ödənişlər aparılır: "Bununla yanaşı, ödəniş sistemində də rəqəmsal həllərin genişləndirilməsi günün zəruri tələbinə çevrilib. Təmassız ödəniş üsullarının tətbiqi məqsədilə aidiyyəti qurumlarla intensiv işlər davam etdirilir. Hədəf bank kartları, "Google Pay" və "Apple Pay" kimi ödəmə imkanlarının yaradılmasıdır".

O, həmçinin qeyd edib ki, mövcud ödəniş üsullarına yenilərinin əlavə edilməsi metropoliten sərnişinlərinə daha geniş imkanlar yaratmaqla bu sahədə onların rahatlığına və məmnunluğuna müsbət təsir göstərəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti