Azərbaycan və Belçika biznes-missiya çərçivəsində beş saziş imzalayıb
- 12 sentyabr, 2025
- 15:09

Belçika-Azərbaycan Ticarət Palatası ("BELGAZERCOM") Bakıya sentyabr missiyasını başa vurub və onun yekunları üzrə iki ölkənin şirkətləri arasında beş rəsmi saziş imzalanıb.
Bunu "Report"a müsahibəsində Ticarət Palatasının sədri Stef Qoris deyib.
"Hazırkı missiya məhz B2B görüşlərinə, Azərbaycan və Belçika sahibkarları arasında birbaşa əlaqələrin qurulmasına yönəlmişdi. Konkret praktiki nəticələr əldə etmək, belçikalı və azərbaycanlı iş adamları arasında əməkdaşlıq istəyirdik. Missiyanın yekunları üzrə beş rəsmi saziş imzalamaq mümkün oldu", – o bildirib.
Sədrin sözlərinə görə, əsas tərəfdaşlıqlardan biri "Zingametall" (Zinga) şirkətinin Azərbaycanın "Polad Texno" şirkəti ilə "Zinga" məhsullarının distribusiyası haqqında saziş oldu. Bundan başqa, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Baku Steel Company" və bir sıra digər müəssisələrlə pilot layihələr müzakirə olunub və planlaşdırılıb: "Biz Azərbaycan şirkətlərinin pilot layihələrin həyata keçirilməsinə razı olmasına çox şad olduq".
"İkitərəfli əməkdaşlığa dair daha bir neçə nümunə gətirəcəyəm. Azərbaycanın "Fors LLC" şirkəti Belçikanın "Umicore" korporasiyası – emal və nadir torpaq metalları sahəsində dünya lideri ilə razılaşma imzalayıb. "Umicore"un müştərisi olmaq son dərəcə çətindir, lakin Palatanın vasitəçiliyi sayəsində bu mümkün oldu. Artıq praktiki əməkdaşlıq aparılır. Bu bizim əvvəlki missiyamızın nəticəsidir", - S.Qoris qeyd edib.
"BELGAZERCOM"un sədri vurğulayıb ki, missiya konkret praktiki nəticələr əldə etməyə və ölkələr arasında B2B əməkdaşlığını möhkəmləndirməyə imkan verdi, 2026-cı ilin yazında isə indiki səfərin nəticələrini göstərmək və əməkdaşlığa daha çox iştirakçı cəlb etmək üçün yeni missiya planlaşdırılır.