Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər gələn il tamamlanacaq
- 05 sentyabr, 2025
- 18:09

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunda işlər 2026-cı ilin yazında tamamlanacaq.
"Report"un Zəngilan rayonuna ezam olunan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avtomobil Yolları Dövlət Agentliyinin İnvestisiya idarəsinin rəis müavini İlham Süleymanov bildirib.
Onun sözlərinə görə, avtomobil yolunun ümumi uzunluğu 123,6 kilometrdir və bu yol birinci texniki dərəcəyə uyğun layihələndirilib: "Hərəkət hissəsinin eni 14-21 metr arasında dəyişir. Yolun 78 kilometrlik hissəsi 6 cərgəli, qalan 45,6 kilometrlik hissəsi 4 cərgəli olaraq inşa edilib. Yolun üzərində 28 ədəd körpü tikilib. Bunların 16-ı su keçidlərinin üzərində inşa olunub, qalanı isə yol ötürücüdür. Yolun üzərində 8 ədəd qovşaq və ümumi uzunluğu 12 kilometrdən bir qədər artıq olan 3 ədəd tunel inşa edilib. Hazırda avtomobil yolunda işlərin fiziki tərəqqisi 95 % təşkil edir".