Bakıda "Study in Kazakhstan" təhsil sərgisi açılıb

Elm və təhsil
  • 02 may, 2026
  • 12:14
Bakıda Study in Kazakhstan təhsil sərgisi açılıb

Bakıda "Study in Kazakhstan" təhsil sərgisi keçirilir.

"Report" xəbər verir ki, təhsil sərgisi "Study in Kazakhstan" layihəsi çərçivəsində "İZ Community" platforması tərəfindən təşkil olunub.

Tədbir Azərbaycandan olan gənclərə təhsil yolunun seçilməsində dəstək göstərilməsinə və beynəlxalq təhsil imkanlarına çıxışın genişləndirilməsinə yönəlib. Sərgi "Beynəlxalq təhsil sizə daha yaxın!" şüarı altında keçirilir.

Gün ərzində ziyarətçilər Qazaxıstanın 20-dən çox aparıcı ali təhsil müəssisəsinin, o cümlədən Əl-Farabi adına Qazax Milli Universitetinin, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin və "Turan" Universitetinin nümayəndələri ilə birbaşa ünsiyyət qura, həmçinin Qazaxıstandakı "Cardiff University" proqramları ilə tanış ola biləcəklər.

Bundan əlavə, sərgidə müasir təhsil yanaşmalarını təqdim edən Azərbaycanın aparıcı liseyləri, eləcə də təhsil, karyera və fərdi inkişaf sahələrində fəaliyyət göstərən yerli brendlər və tərəfdaşlar iştirak edirlər.