BMT-nin Vyana ofisində WUF13 ilə bağlı tədbirlər keçirilib

İnfrastruktur
  • 16 aprel, 2026
  • 18:00
BMT-nin Vyana ofisində WUF13 ilə bağlı tədbirlər keçirilib

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını ictimaiyyətə təqdim etmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana ofisində və ATƏT-in Vyanadakı mənzil-qərargahında təhlükəsiz və dayanıqlı şəhərlər mövzusunda tədbirlər keçirilib.

"Report" xəbər verir ki, bu barədə məlumat "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında yayılıb.

"Tədbirlər Azərbaycanın Vyanadakı beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO), Məskunlaşma Proqramı (UN-Habitat), ATƏT və Vyana Şəhər meriyası tərəfindən birgə təşkil olunub", - məlumatda bildirilib.

Qeyd olunub ki, tədbirlər çərçivəsində Bakıda keçiriləcək WUF13-ün hazırlıq işləri, eləcə də bu kontekstdə Azərbaycanın əsas məqsədləri barədə məlumat verilib. Həmçinin şəhərsalma, yaşıl transformasiya, iqlim dəyişikliyi, dayanıqlı şəhərlər və əlçatan mənzil təminatı mövzularında müzakirələr aparılıb. Bundan əlavə, iştirakçılar şəhərlərin inkişafı və transformasiyası kontekstində Vyana, Bakı və Bazel şəhərlərinin təcrübələri ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələrdə Azərbaycan tərəfini Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparat rəhbərinin müavini və WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva və Xarici İşlər Nazirliyinin iqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev təmsil ediblər.

Tədbirlərdə Vyanada yerləşən beynəlxalq və regional təşkilatlarda akkreditə olunmuş ölkələrin nümayəndələri, eləcə də müvafiq ekspertlər iştirak ediblər.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası 17–22 may tarixlərində Bakıda keçiriləcək.