"Bakı Gəmiqayırma Zavodu" 14 gəminin tikintisinə dair müqavilələr imzalayıb

İnfrastruktur
  • 17 sentyabr, 2025
  • 12:49
Bakı Gəmiqayırma Zavodu 14 gəminin tikintisinə dair müqavilələr imzalayıb

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC hazırda 14 gəminin tikintisinə dair müqavilələr imzalayıb.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin müdir müavini Elxan Şiriyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, "Bakı Gəmirqayırma Zavodu"nun ümumi investisiya həcmi 498 milyon ABŞ dolları təşkil edir: "Zavodda bugünədək 12 gəmi tikintisi həyata keçirilib. Bu gəmilərin ümumi sifariş dəyəri 628 milyon ABŞ dolları olub. Bundan başqa, istər Azərbaycana məxsus, istərsə də Xəzər dənizi hövzəsindəki ölkələrə məxsus 200-dən çox gəmi təmir edilib". 

E.Şiriyev bildirib ki, hazırda 14 gəminin tikintisinə dair müqavilələr imzalanıb: "Bu gəmilərin tikintisinə mərhələli olaraq başlanılır. Bunlardan 11-i "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC, 1-i Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) sifarişi, 1-i "Bakı Beynəlxalq Dəniz Limanı" və digəri isə Fövqəladə Hallar Nazirliyi tərəfindən sifariş edilib. Hazırda bağlanan müqavilələrin ümumi dəyəri 292 milyon ABŞ dollar təşkil edib".

O qeyd edib ki, bundan başqa hazırda bəzi danışıqlar aparılır: "Əlavə olaraq, iki ədəd quru yük gəmisinin tikintisi ilə bağlı ASCO, eyni zamanda Dövlət Sərhəd Xidməti ilə 1 ədəd patrul gəmisinin, Birləşmiş Ərəb Əmirliklərinin "Abu Dhabi Ports Company" şirkəti ilə 2 ədəd konteyner daşıma gəmilərinin və digər ölkələr ilə 5 ədəd tankerin və 2 ədəd quru yük gəmisinin tikintisi ilə bağlı danışıqlar davam edir".

Nazirlik rəsmisi deyib ki, hazırda zavodda subpodratçılar da daxil olmaqla 1 400 nəfər işlə təmin edilib: "Bu layihələr irəlilədikcə təxminən 2,2 min nəfərin işlə təmin edilməsi nəzərdə tutulur".

Son xəbərlər

Bütün Xəbər Lenti