Serbiya 262 vətəndaşını BƏƏ-dən təxliyə edib
- 07 mart, 2026
- 04:22
Yaxın Şərqdəki gərginlik səbəbindən Serbiyanın 262 vətəndaşı Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) təxliyə olunub.
"Report"un Balkan bürosu xəbər verir ki, təxliyə Serbiya Xarici İşlər Nazirliyi tərəfindən "Air Serbiya" milli aviadaşıyıcısı vasitəsilə həyata keçirilib.
Məlumata görə, aralarında uşaqların da olduğu 262 nəfər Dubaydan Belqrada təhlükəsiz şəkildə çatdırılıb.
Bildirilib ki, Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç və nazirliyin nümayəndələri dünən səhər tezdən prosesi koordinasiya etmək və vətəndaşlarına lazımi yardımı göstərmək üçün BƏƏ-yə yollanıblar.
Dubaya enişdən sonra dövlət katibi diqqətə çatdırıb ki, Serbiya Prezidenti və hökumətinin göstərişinə əsasən, Xarici İşlər Nazirliyi və milli aviadaşıyıcı "Air Serbia" Yaxın Şərqdə müharibənin təsir etdiyi ərazilərdən ölkə vətəndaşlarının təxliyəsini davam etdirir:
"Birləşmiş Ərəb Əmirliklərinə təhlükəsiz hava dəhlizləri açılan kimi, bizim milli aviadaşıyıcımız "Air Serbia" dünyada evakuasiya reysini həyata keçirən ilk şirkətlərdən oldu. İndiyədək bu marşrut üzrə yalnız BƏƏ-nin yerli aviaşirkətləri uçuş həyata keçirirdi. Həmin reyslərlə artıq yüzlərlə Serbiya vətəndaşı evakuasiya olunub".
D.Yoviç qarşıdakı günlərdə daha çox reys olacağını deyib: "Qarşıdakı günlərdə müharibə zonasından evakuasiya olunmaq istəyən və buna ehtiyacı olan hər bir vətəndaşımızı təhlükəsiz şəkildə Serbiyaya çatdırmağa çalışacağıq. Xarici İşlər Nazirliyi milli aviadaşıyıcı ilə birlikdə tam gücü ilə işləməyə davam edir və yaxın günlərdə Bəhreyn, Küveyt və Qətərdən vətəndaşların Riyad üzərindən, eləcə də Birləşmiş Ərəb Əmirliklərindən evakuasiya reysləri ilə Belqrada gətirilməsi üçün gecə-gündüz fəaliyyət göstərilir".
Serbiyanın BƏƏ-dəki səfiri Vladimir Mariç isə qeyd edib ki, bu ölkədə minlərlə serbiyalı yaşayır və yeni reyslərin təşkili davam etdiriləcək. O əlavə edib ki, artıq həftənin sonuna qədər vətəndaşlar ikinci xüsusi reysi də gözləyə bilərlər.