Azərbaycan Metrologiya İnstitutunda 7 yeni etalon laboratoriyası istifadəyə verilib

İnfrastruktur
  • 10 sentyabr, 2025
  • 12:03
Azərbaycan Metrologiya İnstitutunda 7 yeni etalon laboratoriyası istifadəyə verilib

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda (AzMİ) ölkənin metroloji infrastrukturunun inkişafı çərçivəsində 7 yeni etalon laboratoriyası açılıb.

"Report" xəbər verir ki, yeni yaradılan laboratoriyalar fotometrik, dalğa uzunluğu, xətti-bucaq, sərtlik, qüvvə, elektromaqnit çirklənməsi və ilkin nəmlik ölçmələri istiqamətlərini əhatə edir.

Laboratoriyaların yaradılmasında məqsəd ölkədə ölçmələrin beynəlxalq standartlara uyğun təşkili, müasir metodların tətbiqi, metroloji xidmətlərin keyfiyyət və kəmiyyət göstəricilərinin artırılmasıdır.

Məlumata görə, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"nın Tədbirlər Planının 1.1.21-ci bəndinə əsasən AzMİ-də yeni laboratoriya şəbəkəsinin qurulması nəzərdə tutulub. Strategiyaya uyğun olaraq ümumilikdə 20 yeni laboratoriyanın yaradılması və 7 mövcud laboratoriyanın təkmilləşdirilməsi planlaşdırılır. Bu istiqamətdə ötən ilin noyabrında həcm, tibb, müqavimət, vaxt və tezlik, paylanma parametrləri və radiotezlik gücünün ölçmələri üzrə 5 laboratoriya istifadəyə verilib.

Bildirilir ki, yeni açılan laboratoriyalar sənaye müəssisələrinin metroloji ehtiyaclarının ödənilməsi, elmi tədqiqatların aparılması və beynəlxalq əməkdaşlıq üçün vacib imkanlar yaradacaq. Belə ki, fotometrik ölçmələr laboratoriyasında işıq şiddəti, işıqlanma və işıq seli üzrə ölçmələr və cihazların kalibrlənməsi həyata keçiriləcək, dalğa uzunluğu ölçmələri laboratoriyasında metrin reallaşdırılması və izlənilmə zəncirinin təmin olunması təmin ediləcə, xətti-bucaq ölçmələri laboratoriyasında uzunluq və bucaq kəmiyyətlərinin sənaye və aviasiya sahələrinə dəqiq ötürülməsi həyata keçiriləcək. Həmçinin, sərtlik ölçmələri laboratoriyasında metallurgiya, maşınqayırma, aviasiya və digər sahələrdə istifadə olunan sərtlik cihazlarının yoxlanması və kalibrlənməsi aparılacaq, qüvvə ölçmələri laboratoriyasında kalibrləmə ilə yanaşı beynəlxalq izlənilmə təmin olunacaq.

Bununla yanaşı, elektromaqnit çirklənmənin ölçülməsi laboratoriyasında yüksək gərginlik xətləri və mobil operatorların baza stansiyalarının yaratdığı elektromaqnit çirklənmə dəyərləndiriləcək, ətraf mühitə təsirin azaldılması istiqamətində tədbirlər görüləcək. Həmçinin ilkin nəmlik ölçmələri laboratoriyasında kimya, əczaçılıq, qida və səhiyyə sahələrində istifadə olunan cihazların yoxlanması və kalibrlənməsi həyata keçiriləcək.