Asiya–Avropa dəniz marşrutları ilə yük tədarükünün müddəti artıb

İnfrastruktur
  • 25 sentyabr, 2025
  • 11:32
Asiya–Avropa dəniz marşrutları ilə yük tədarükünün müddəti artıb
Sergey İvanov

Asiya–Avropa dəniz marşrutları ilə yüklərin tədarükünün müddəti 12 gün uzanıb.

"Report" xəbər verir ki, bunu "Marine Bunker Exchange" (MABUX) şirkətinin icraçı direktoru Sergey İvanov Bakıda keçirilən "Xəzər və Mərkəzi Asiya: neftemalı, neft-kimyası, ticarət, logistika" mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, Yəməndə fəaliyyət göstərən husilərin hücum riski səbəbindən gəmilər Qırmızı dəniz və Bab əl-Məndəb boğazından yan keçərək Afrika qitəsinin cənubundan – Ümid Burnu ətrafından hərəkət edir.

"Yeni marşrutda əsas yanacaq doldurma (bunkerləmə) məntəqələri şərqi Afrikada Mavriki, Mozambik və Cənubi Afrika, qərbdə isə Namibiya, Toqo və Nigeriyadır. Qlobal bunkerləmə mərkəzləri – Sinqapur və Cəbəllütariq isə öz strateji əhəmiyyətini qoruyub. Bu səbəbdən çoxsaylı gəmilər Aralıq dənizinə daxil olmadan Afrikanı dolanır və Süveyş kanalından istifadənin həcmi minimuma enib".

Onun sözlərinə görə, artıq 600-dən çox gəmi marşrutunu dəyişib: "Nəticədə yanacaq sərfi 25 % artıb, gəmilərin sürəti isə Beynəlxalq Dəniz Təşkilatının (IMO) azaldılma çağırışlarına baxmayaraq 16 dəniz milindən 20 milə yüksəlib. Bu da karbon emissiyalarını təxminən 40 % çoxaldıb".

S. İvanov əlavə edib ki, Avropa İttifaqında 2024-cü ilin yanvarın 1-dən tətbiq edilən emissiya ticarəti sistemi çərçivəsində gəmi sahibləri və operatorları karbon emissiyalarına görə kvota almalıdır: "Bu ilin oktyabrında ilk ödəniş mərhələsi başlayır. Ümumilikdə kvota ödənişlərinin həcmi təxminən 3 milyard ABŞ dollar təşkil edəcək. Mövcud həcmlər və qiymətlər saxlanılarsa, illik ödənişlər 2026-cı ildə 7,5 milyard dollara qədər yüksələcək. Bu proseslər gəmi sahibləri və operatorları ilə yanaşı yük sahibləri, sığortaçılar və yanacaq bazarı üçün də əlavə maliyyə təzyiqi yaradır".

Son xəbərlər

Bütün Xəbər Lenti