ASCO son 9 ildə Xəzərdənkənar sularda yük daşınmasını 3 dəfədən çox artırıb
- 14 oktyabr, 2025
- 10:08

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) son 9 ildə Xəzərdənkənar sularda yük daşınmasını 3 dəfədən çox artırıb.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Qurum xatırladıb ki, uzun fasilədən sonra, 2014-cü ilin oktyabr ayında Xəzərdən kənarda fəaliyyətini bərpa edib. Elə həmin il "Üzeyir Hacıbəyli" və "Natəvan" quru yük gəmilərinin beynəlxalq sularda istismara verilməsi ilə yeni mərhələnin əsası qoyulub.
Əgər 2015-ci ildə Xəzərdənkənar sularda 183 min 139 ton yük daşınıbsa, 2024-cü ildə bu rəqəm 609 min 742 ton olub. Bununla da artım təxminən 3,3 dəfə və yaxud 233 % təşkil edib.
"Bu yüksəliş milli gəmiçiliyin beynəlxalq arenada daha böyük nailiyyətlərə doğru inamla addımladığını göstərir", - deyə məlumatda qeyd olunub.