Anar Quliyev: "Bakının Baş Planında əsas xüsusiyyətlərdən biri çoxmərkəzli inkişaf modelidir"

İnfrastruktur
  • 15 oktyabr, 2025
  • 12:14
Anar Quliyev: Bakının Baş Planında əsas xüsusiyyətlərdən biri çoxmərkəzli inkişaf modelidir
Anar Quliyev

"Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nın əsas xüsusiyyətlərindən biri çoxmərkəzli inkişaf modelinin tətbiqidir.

"Report" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

Onun sözlərinə görə, bu modelə əsasən, bütün fəaliyyətlərin bir mərkəzdə cəmlənməsi əvəzinə, Bakı şəhəri boyunca bir-biri ilə əlaqəli mərkəzlər və alt-mərkəzlər şəbəkəsi formalaşdırılır: "Hər mərkəz özünəməxsus xarakterə, infrastruktura və iqtisadi funksiyaya malik olacaq".

Sədr vurğulayıb ki, 2018-ci ildən Azərbaycan şəhərlərin Baş planlarının hazırlanması və mütəmadi yenilənməsi yolu ilə məkan inkişafına kompleks və uzunmüddətli yanaşma tətbiq edib: "Bu planların əksəriyyəti artıq tamamlanıb və yaxud icra mərhələsindədir, beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində hazırlanaraq qlobal standartlara uyğunlaşdırılıb".

O əlavə edib ki, bu gün Azərbaycan münaqişədən sonrakı bərpa modelini fəxrlə təqdim edir: "Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insan yönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir. Bu planlar sadəcə texniki sənədlər deyil – həyatların yenidən qurulması üçün yol xəritəsidir. Keçmiş məcburi köçkünlər artıq bərpa olunmuş şəhərlərə, kənd və qəsəbələrə qayıdır, burada yenidən yaşamağa, işləməyə və oxumağa başlayırlar. Bu, təkcə fiziki bərpanın deyil, həm də icmaların dözümlülüyünün və ölkənin inklüziv, dayanıqlı bərpaya sadiqliyinin göstəricisidir".

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı Almaniyanın "AS+P Albert Speer + Partners" şirkəti (şəhərsalma, nəqliyyat planlaşdırması) tərəfindən, layihə tərəfdaşları olan Birləşmiş Krallığın Ramboll şirkəti (infrastruktur, mühəndis sistemləri, ətraf mühit), "EY Advisory" şirkətinin Fransa ofisi (şəhər iqtisadiyyatı) və BDLİ - Bakı Dövlət Layihə İnstitutu (memarlıq-planlaşdırma) ilə birgə hazırlanıb.İctimaiyyətin və maraqlı tərəflərin iştirakı Bakı şəhərinin 2040-cı ilə olan Baş Planının vacib elementini təşkil edir. Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir.

III Azərbaycan Milli Şəhərsalma Forumunun Xankəndi şəhərində açılış mərasimi baş tutub.

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) davamlı şəhərsalma və inkişafı təşviq etmək üçün mühüm bir platforma olacaq. Forumda dayanıqlılıq, inklüzivlik, şəhərsalma innovasiyaları və sağlam şəhər mühitinin yaradılması əsas vurğu kimi çıxış edəcək. Forum geniş spektrli çağırışları müzakirə edəcək – mənzil əlçatanlığı, münaqişədən və fəlakətlərdən sonrakı bərpa, daha ekoloji tikinti yanaşmalarının təşviqi, inklüziv şəhər idarəçiliyi, rəqəmsal innovasiyalar, təbiətəsaslı həllər və regional tərəfdaşlıqların gücləndirilməsi.

İqlim öhdəlikləri ilə şəhərlərin dayanıqlılığı arasında daha güclü əlaqələrin qurulması və Qlobal Şəhərsalma Forumları (WUF) ilə Tərəflər Konfransları (COP) kimi beynəlxalq platformalar arasında körpü yaradılması məqsədilə Azərbaycan COP29-da iki mühüm təşəbbüs irəli sürüb: Davamlı və Sağlam Şəhərlər üçün Çoxtərəfli Fəaliyyət Yolları (MAP) və Bakı Davamlılıq Koalisiyası. Bu təşəbbüslər Azərbaycanın şəhərsalma sahəsindəki səylərini qlobal iqlim və davamlı inkişaf gündəmləri ilə uyğunlaşdırmağa sadiqliyini nümayiş etdirir.

"İqlimə davamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllərin imkanlarından istifadə" mövzusu altında keçiriləcək NUFA3 Azərbaycanın qlobal şəhərsalma proseslərində artan iştirakını önə çəkəcək. Forum milli, regional və yerli hökumətlərin, təşkilatların, icmaların, akademik qurumların, özəl sektorun və digər aidiyyəti tərəfdaşların inteqrasiya olunmuş planlaşdırma, çoxtərəfli əməkdaşlıq və Paris Sazişi, Yeni Şəhərsalma Gündəliyi və Davamlı İnkişaf Məqsədləri kimi qlobal çərçivələrin lokallaşdırılması vasitəsilə iqlimədavamlı və sağlam şəhərlərin yaradılmasına töhfəsini müzakirə edəcək. 2022 və 2023-cü illərdə keçirilmiş əvvəlki Milli Şəhərsalma Forumlarının nailiyyətlərinə əsaslanaraq, NUFA3 həmçinin regional və yerli kontekstlərə uyğunlaşdırılmış inklüziv, dayanıqlı yanaşmalar vasitəsilə Yeni Şəhərsalma Gündəliyinin həyata keçirilməsini sürətləndirmək üçün dialoq platforması olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti