ADA Universitetində "Baku Archifest 2025" memarlıq və şəhərsalma festivalı keçirilib

İnfrastruktur
  • 05 noyabr, 2025
  • 19:15
ADA Universitetində Baku Archifest 2025 memarlıq və şəhərsalma festivalı keçirilib

ADA Universitetində "Baku Archifest 2025" memarlıq və şəhərsalma festivalı keçirilib.

"Report" xəbər verir ki, memarlıq, şəhərsalma və innovativ dizayn istiqamətində regionun nüfuzlu tədbirlərindən biri olan "Baku Archifest 2025", "Design Bureau" və "Aslı Partners" tərəfindən ADA Universiteti Dizayn və memarlıq fakültəsinin akademik tərəfdaşlığı ilə təşkil olunub.

Bu il festival "Navigating Urbanity" ("Şəhərliliyin Axtarışında") mövzusuna həsr olunub.

Tədbirdə Azərbaycan, İtaliya, Türkiyə, Gürcüstan, İran və digər ölkələrdən gələn tanınmış memarlar, şəhərsalma mütəxəssisləri, professorlar və gənc dizaynerlər bir araya gəlib.

ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, Azərbaycan böyük bir tikinti meydanıdır:

"Gələcəyimiz üçün hazırkı Memarlıq fakültəsində təhsil alan tələbələrə ehtiyac var. Azərbaycan-İtaliya Universiteti indi hər kəsin dilindədir. Məqsədimiz odur ki, öz məhsullarımıza "Made in Azerbaijan" adını qoyaq".

ADA Universitetinin Memarlıq fakültəsinin dekanı Silvia Ferrari bildirib ki, bu tədbir memarlıq, şəhər planlaşdırılması və dizayn sahəsində görüş və əməkdaşlıq üçün böyük bir fürsətdir:

"Bu, yalnız akademiklər üçün deyil, həm də peşəkarlar, izləyicilər, şirkətlər və bütün institut üzvləri üçün önəmlidir. Burada çox əhəmiyyətli bir əməkdaşlığın olduğunu əminliklə deyə bilərəm".

"Aslı Partners" şirkətinin baş icraçı direktoru Aslı Karaarslan Özcan qeyd edib ki, bu festival həm də mədəni birlikdir:

"Artıq hər il bu tədbir keçirilir. Bu il bir çox ölkələrdən də burada nümayəndələr iştirak edib. Gələcək illərdə bu festivalı daha da böyüdəcəyik. Gələcəkdə Özbəkistan, Qazaxıstan, Avropa ölkələrindən nümayəndələr iştirak edəcək".

Açılış mərasimində çıxış edən memar Füzuli Əliyev deyib ki, bu festivalda daha geniş coğrafiyanın təcrübəsi bölüşüləcək:

"İtaliya, İran və Gürcüstandan memarlar öz təcrübələri üzərində fikir mübadiləsi aparacaqlar. Festival çərçivəsində sərgilər, ustad dərsləri, layihələrin təqdimatları olacaq".

Sonda tədbir musiqili hissə ilə davam edib.

Qeyd edək ki, bu festival 13-cü Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində keçirilən 2026-cı il Azərbaycan şəhərsalma kampaniyasının ilk tədbiridir.

Son xəbərlər

Bütün Xəbər Lenti