Tural Məmmədov: "Qadınların texnologiya sahəsində rolu hər il artır"

İKT
  • 11 oktyabr, 2025
  • 11:14
Tural Məmmədov: Qadınların texnologiya sahəsində rolu hər il artır

Qadınların texnologiya sahəsində rolu hər il artır.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən "Women in Cyber" - "Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi" mövzusunda beynəlxalq konfransda bildirib.

"Bu, hamımızın fəxr etməli olduğumuz bir haldır. Kibertəhlükəsizlik sahəsi səbir, diqqət və detallara həssas yanaşma tələb edir. Bu isə qadınların təbii şəkildə malik olduğu güclü tərəflərdir. Öz təcrübəmdən görmüşəm ki, bir çox istedadlı qadınlar kibertəhlükəsizlikdə uğur qazanıblar. Onlar təkcə peşəkar deyillər, həm də yenilikçi, problemləri həll edən və gələcək nəsil üçün nümunə olan insanlardır. Bu gün üçün mənim mesajım sadədir: özünüzə inanın. Əgər siz kibertəhlükəsizlik sahəsində çalışırsınızsa və ya bu sahədə işləməyi arzulayırsınızsa-irəli gedin, qorxmayın. Sizin töhfəniz, fikirləriniz və baxış bucağınız çox önəmlidir", - deyə o qeyd edib.

T. Məmmədovun sözlərinə görə, bu, sadəcə bir tədbir deyil: "Bu, qadınların kibertəhlükəsizlik sahəsində, liderlikdə və bölgəmizin rəqəmsal gələcəyinin formalaşmasında yerinin olduğunu göstərən bir mesajdır".

Tədbir "Femmes Digitales – Supporting Women in Tech" İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunub və "Critical Infrastructure Defence Challenge 2025" (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində keçirilib.

Konfransın əsas tərəfdaşları kimi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) çıxış edib.

Konfransda "Femmes Digitales" təşkilatının təsisçisi və sədri Jana Krimpe, e-Governance Academy (eGA) təşkilatının baş kibertəhlükəsizlik eksperti və layihə rəhbəri Elsa Neeme, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya və Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Nataliya Tkaçuk və digər beynəlxalq ekspertlər də çıxış ediblər.

Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılması, böhran dövrlərində rəqəmsal dayanıqlığın gücləndirilməsi, regional əməkdaşlıq və ictimai etimadın möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, konfransda regionun müxtəlif ölkələrindən olan 300-dən çox iştirakçı – kibertəhlükəsizlik mütəxəssisləri, dövlət rəsmiləri, akademiklər və gənc mütəxəssislər iştirak ediblər. Tədbirin məqsədi qadın kibertəhlükəsizlik mütəxəssisləri arasında peşəkar əlaqələrin qurulması, region ölkələri ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi və davamlı bilik mübadiləsi üçün platforma formalaşdırmaq olub. Eyni zamanda, konfrans iştirakçılara mədəni mübadilə, müxtəlif iş mühitlərində qarşılıqlı təcrübə öyrənmək və peşəkar inkişaf üçün konkret addımlar müəyyənləşdirmək imkanı yaradıb.

Son xəbərlər

Bütün Xəbər Lenti