"SOCGOV 2025": Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası

İKT
  • 18 sentyabr, 2025
  • 18:53
SOCGOV 2025: Sosial xidmətlərin gələcəyinə Azərbaycan imzası

Müasir dövrdə sosial xidmətlərin inkişafı və rəqəmsal texnologiyaların bu sahəyə inteqrasiyası dövlət-vətəndaş münasibətlərinin yeni mərhələsini formalaşdırır. Azərbaycan bu istiqamətdə öncül təşəbbüsləri ilə seçilir və bu il ölkəmizdə keçiriləcək ilk "SOCGOV 2025" beynəlxalq konfransı qlobal miqyasda mühüm hadisə kimi qiymətləndirilir.

"SOCGOV" təşəbbüsü – social sahədə innovativ idarəetməyə yönəlmiş qlobal platformadır. Onun missiyası sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi ilə vətəndaşlara göstərilən xidmətlərin daha əlçatan, çevik və şəffaf olmasına nail olmaqdır. Azərbaycan üçün bu təşəbbüsün xüsusi əhəmiyyəti ondadır ki, ölkəmiz sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində artıq qabaqcıl təcrübələr formalaşdırıb və bu təcrübə beynəlxalq müstəviyə çıxarılır.

"Süni intellekt insan və transformaisya üçün" mövzusunda keçiriləcək "SOCGOV 2025" konfransının təşkilat komissiyasının rəhbəri, DOST Agentliiyinin İdarə Heyəti sədrinin müavini Tural Mailov deyir ki, tədbir müxtəlif ölkələrdən gələn dövlət qurumları, beynəlxalq təşkilatlar, ali təhsil müəssisələri və özəl sektor nümayəndələrini bir araya gətirəcək.

Onun sözlərinə görə, panel sessiyalarda rəqəmsal dövlətin qurulması, əmək bazarının gələcəyi, sosial xidmətlərdə inklüzivlik və süni intellektin tətbiqi kimi mövzular müzakirə ediləcək.

"Məqsəd sosial sahədə innovativ yanaşmaların paylaşılması, yeni əməkdaşlıq platformalarının yaradılması və Azərbaycanın qlobal sosial idarəetmədə liderlik rolunun möhkəmləndirilməsidir. Konfransın "Gülüstan" sarayında keçirilməsi isə Azərbaycanın müasirliyi ilə yanaşı, dövlətçilik ənənələrinə də hörmətinin bariz göstəricisidir", - deyə T. Mailov bildirir.

DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin müdiri Solmaz Həsənova qeyd edir ki, bu tədbirdə DOST könüllüləri xüsusi missiya daşıyırlar. Xarici qonaqların qarşılanması, qeydiyyat prosesində dəstək göstərilməsi, konfrans boyu logistika və kommunikasiya işlərinə yardım könüllülərimizin üzərinə düşən əsas vəzifələrdəndir. Bu, yalnız texniki dəstək deyil, həm də Azərbaycanın qonaqpərvərliyini və gənclərinin yüksək sosial məsuliyyətini nümayiş etdirməkdir.

DOST könüllüləri artıq uzun illərdir ki, DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsində fəal iştirak edirlər. Onlar müraciətlərin cavablandırılması, vətəndaşlara yönləndirmə, elektron xidmətlərin izahı və sosial layihələrin icrasında dəstək göstərməklə həm peşəkar bacarıqlar qazanır, həm də sosial həmrəyliyin möhkəmlənməsinə töhfə verirlər. Bu təcrübə onlara "SOCGOV" kimi beynəlxalq tədbirlərdə də uğurla fəaliyyət göstərmək imkanı verir.

"SOCGOV"un fəlsəfəsi insan yönümlü innovasiya və dayanıqlı sosial xidmətlərdir. Burada könüllülərin iştirakı xüsusi əhəmiyyət daşıyır. Çünki vətəndaş cəmiyyətinin fəal üzvləri olan könüllülər həm sosial layihələrin həyata keçirilməsində katalizator rolunu oynayır, həm də dövlət-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşmasına dəstək verirlər.

Məhz buna görə də, DOST Agentliyi bu qlobal təşəbbüsün təşkilatçılarından biri kimi yalnız peşəkar idarəetmə modelini deyil, həm də gənclərin sosial innovasiyalarda iştirakını dünya miqyasında nümayiş etdirir.

"SOCGOV 2025" sosial xidmətlərin gələcəyinə açılan yeni bir pəncərədir. Burada əldə olunacaq nəticələr Azərbaycanın sosial müdafiə sahəsindəki mövqeyini gücləndirməklə yanaşı, qlobal miqyasda da yeni əməkdaşlıqlar üçün zəmin yaradacaq. DOST könüllülərinin bu prosesdə iştirakı isə ölkəmizin gənclərinin innovasiyaya, sosial məsuliyyətə və dövlətçilik dəyərlərinə sadiqliyinin bariz nümunəsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti