RİNN və AZCON-un tabeli qurumlarının məsul şəxsləri AKM tələbələri ilə görüşüb
- 07 oktyabr, 2025
- 10:04

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tabeli qurumlarının məsul şəxsləri ilə görüş baş tutub. Görüşdə qurumların İnsan Resursları şöbələrinin rəhbər şəxsləri, İnformasiya təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə məsul şəxslər də daxil olmaqla 35 nəfərə yaxın qonaq iştirak edib.
Tədbirdə RİNN-in İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Renat Rüstəmov və İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdiri Şahmar Hacıyəhyayaev açılış nitqləri ilə çıxış ediblər.
Tədbirin davamında İRİA-nın İnformasiya Təhlükəsizliyi departamentinin müdir müavini İlkin Əzizov AKM-in infrastrukturu barədə geniş təqdimatla çıxış edib. Görüş qonaqları maraqlandıran sualların cavablandırılması ilə interaktiv formada yekunlaşıb.
Sözügedən görüşün keçirilməsində əsas məqsəd AKM-in fəaliyyəti, həmçinin Mərkəzin məzun və tələbələrinin mövcud statusları ilə tanışlıq olub.
RİNN və İRİA-nın İsrailin "Technion" Texnologiya İnstitutu ilə birgə təsis etdiyi AKM-dən indiyə qədər 380 nəfər məzun olub. Hazırda 6-cı dalğa üzrə 60 tələbə təhsilini davam etdirir. Tələbələr tədris müddətində beynəlxalq mütəxəssislər tərəfindən müdafiə (Blue Team), hücum (Red Team) və "Purple team" qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər haqqında praktiki biliklərə yiyələnirlər.