Prorektor: ICPC müsabiqəsinin dünya finalının Azərbaycanda keçirilməsi ölkənin imicinə töhfə verəcək
- 01 sentyabr, 2025
- 18:36

49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının Azərbaycanda keçirilməsi ölkənin imicinə töhfə verəcək.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib.
Onun sözlərinə görə, 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin dünya finalının Azərbaycanda keçirilməsi həm də Azərbaycanda IT texnologiyalarının, kompüter elmlərinin, kompüter sənayesinin inkişafına dəstək olacaq:
"Bu müsabiqə Azərbaycanda gənc nəsil proqramçıların yetişdirilməsinə, təhsilinə töhfə verəcək. Qeyd etmək istərdim ki, bu yarışmanın gedişatına böyük şirkətlər - "Google", "Microsoft", "OpenAI" və digər şirkətlər baxırlar. Onlar buradakı şagirdləri, tələbələri işə götürürlər və beləliklə, bu şirkətlərin də Azərbaycanla əlaqələri güclənəcək. Azərbaycanda gələcəkdə həmin şirkətlərin mərkəzləri, elmi-tədqiqat bazaları yaradıla bilər.
Prorektor Azərbaycan komandaları ilə bağlı gözləntilərin böyük olduğunu bildirib:
"Amma onu da nəzərə almaq lazımdır ki, keçənilki qaliblər arasında Sinqapur, Pekin, Honqkonq universitetləri var. Yəni burada çox böyük rəqabət var və ümid edək ki, bizim uşaqlar da yaxşı nəticə verəcəklər".