Fariz İsmayılzadə: "ICPC sayəsində Azərbaycanın IT sahəsi sürətlə inkişaf edəcək"

İKT
  • 04 sentyabr, 2025
  • 14:24
Fariz İsmayılzadə: ICPC sayəsində Azərbaycanın IT sahəsi sürətlə inkişaf edəcək

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı Azərbaycanda IT sənayesinin inkişafına töhfə verəcək.

"Report" xəbər verir ki, bunu deputat, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə "ICPC Dünya Finalı 2025"ə həsr olunmuş mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, bu tədbirin Bakıda keçirilməsi Azərbaycana çox böyük fayda verəcək: "Bu müsabiqə həm IT sənayesinin inkişafına, həm də təhsilin inkişafına töhfə verəcək. Burada bizim azərbaycanlı tələbələr iştirak edir, Azərbaycan şirkətləri ünsiyyət yaradırlar, təşkilatçılarla, sponsorlarla əlaqələr qururlar".

Deputat qeyd edib ki, bu müsabiqə sayəsində Azərbaycanın IT sahəsi sürətlə inkişaf edəcək: "Eyni zamanda ABŞ, Avropa, Asiyanın top universitetlərinin şagirdləri, tələbələri Azərbaycana gəliblər və ölkəmizlə tanış olurlar. Gələcəkdə onlar aparıcı vəzifələrdə çalışacaqlar. Bu insanların Azərbaycanı, onun potensialını görməsi bizim ölkəmizin həm təşviqinə, həm də IT əlaqələrinin qurulmasına imkan yaradır".