"Azərkosmos": Azərbaycan beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi tanınır
- 21 oktyabr, 2025
- 10:35

Azərbaycan beynəlxalq peyk bazarında etibarlı tərəfdaş kimi tanınır.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edən Dunay Bədirxanov "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirdə bildirib.
O bildirib ki, Azərbaycanın kosmosda özünəməxsus orbital mövqeyi mövcuddur: "Bu o deməkdir ki, Azərbaycan artıq 48 ölkədən biri olaraq özünəməxsus kosmik resurs əldə edib, Hazırda Azərbaycan istədiyi zaman 46 dərəcə Şərq uzunluğunda orbitə peyk qaldıra bilər. Xidmətlərimizdən 50 dən çox ölkə 200-dən artıq şirkət yararlanır. Bu il biz Afrika bazarında mövcudluğumuzun 10 ilini qeyd edirik".
Onun sözlərinə görə, peyk xidmətləri ilə yanaşı, kosmik sahədə intellektual məhsulların ixracına da başlanılıb: "2014-cü ildə orbitə buraxılan "Azersky" peyki ilə biz ilk dəfə olaraq Yerin məsafədən müşahidəsi sahəsində milli imkanlara sahib olduq. O vaxtdan bəri bu peykimizin imkanları Azərbaycanın kənd təsərrüfatından tutmuş ekologiyaya, şəhərsalmadan təhlükəsizliyə qədər onlarla sahədə qərarların qəbuluna real töhfə verir. Bu illər ərzində biz təkcə peykdən şəkillər almadıq, ölkəmizin kosmosdan inkişafının xəritəsini çəkdik".
D.Bədirxanov qeyd edib ki, kosmosu uzaq səma kimi deyil, gənclər üçün açıq laboratoriya kimi görür: "Ölkədə peyk müşahidəsi sahəsində elmi tədqiqatların aparılması məqsədilə ali və elmi-tədqiqat müəssislərinin iştirakı ilə "Yerin Məsafədən Müşahidəsi" müsabiqəsi keçirilir. 160-dan çox elmi layihədə sadə vətəndaşlar, xüsusilə tədqiqatçılar "Azersky"ın təsvirlərindən istifadə ediblər. Orbitdə olduğu müddətdə "Azersky" peykindən milyonlarla meqabayt həcmində ümumilikdə 80 000-dən çox peyk təsviri yüklənib. Bu peyk təsvirləri ilə geniş arxiv bazası yaratmışıq. Peykin arxiv təsvirləri ilə Yerdə baş verən dəyişikliklərin təhlili və proqnozlaşdırması, o cümlədən elmi tədqiqatlar baxımından xüsusi əhəmiyyət kəsb edir".