Azərbaycanın rəqəmsal marketinq bazarı: Boşluqlar və inkişaf meylləri - ARAŞDIRMA

İKT
  • 09 sentyabr, 2025
  • 15:20
Azərbaycanın rəqəmsal marketinq bazarı: Boşluqlar və inkişaf meylləri - ARAŞDIRMA

Texnoloji tərəqqinin sürətlənməsi bütün fəaliyyət sahələrindən daha çevik yanaşma və inteqrasiyanı tələb edir. Bu baxımdan, müştəri davranışlarının izlənməsi və bazar tələblərinə uyğunlaşmaq imkanlarına görə marketinq xüsusi əhəmiyyət daşıyır. Ənənəvi marketinq yalnız reklam vasitəsilə satışları artırmağa yönəldiyi halda, rəqəmsal texnologiyaların inkişafı yeni kommunikasiya kanallarının formalaşmasına səbəb olub. Bunun nəticəsində isə rəqəmsal marketinq anlayışı meydana çıxıb və qlobal miqyasda sürətli böyümə mərhələsinə qədəm qoyub.

Qlobal rəqəmsal marketinq bazarı 6 dəfə böyüyəcək

Bazar analitikası və konsaltinq sahəsində aparıcı şirkətlərdən olan "Precedence Research"un hesablamalarına əsasən, ötən il qlobal marketinq üçün rəqəmsal alətlər (MarTech) bazarının həcmi 465,22 milyard ABŞ dollarına çatıb. Qlobal xərclərin təxminən üçdə biri Şimali Amerika regionuna düşüb. İlk üçlükdə isə 29 %-lik payla Avropa və 24 %-lik payla Asiya-Sakit Okean regionu yer alıb.

Şirkətin proqnozuna görə, bazarın həcmi bu il 557,94 milyard ABŞ dollarına, 2029-cu ildə 1,38 trilyon ABŞ dollarına, 2034-cü ildə isə 2,86 trilyon ABŞ dollarına çatacaq.

Azərbaycanda da rəqəmsal marketinq bazarının dinamik inkişafı müşahidə olunur. Rəqəmsal marketinq üzrə ekspert Babaxan Məliklinin sözlərinə görə, 2025-ci ildə ölkədə internet penetrasiyası 89 %-ə yaxınlaşaraq sosial media istifadəçilərinin sayı 6,73 milyon nəfərə çatıb:

"Hal-hazırda Azərbaycanda rəqəmsal marketinqin bazar payı sektordan asılı olaraq 40-55 % arasında dəyişir. Bu artıma internetin geniş yayılması, sosial medianın dominant mövqeyi və şirkətlərin daha çox performans yönümlü büdcələr ayırması təsir göstərir".

Ekspert əlavə edib ki, bazarın sürətli böyüməsi fonunda effektiv hüquqi tənzimləmə və normativ-hüquqi bazanın çevikliyi xüsusi əhəmiyyət kəsb edir: "Çünki tənzimləmə istehlakçıların manipulyativ reklamdan müdafiəsini təmin edir, brendlər və platformalar üçün şəffaflıq və məsuliyyətlilik mühiti yaradır, həmçinin bazarda kiçik oyunçuların da rəqabətə qoşulmasına şərait yaradır".

Hüquqi bazanın təkmilləşdirilməsi bazarın transformasiya sürətindən geri qalır

Ekspertin sözlərinə görə, Azərbaycanda "e-commerce" qaydaları mövcud olsa da, onların təkmilləşdirilməsi bazarın transformasiya sürətindən geri qalır. O bildirib ki, əsas boşluqlardan biri xarici yurisdiksiyalarda - vergi dərəcələri aşağı olan və ya ümumiyyətlə tətbiq olunmayan ölkələrdə şirkət yaradaraq Azərbaycanda fəaliyyət göstərmək və beləliklə vergidən yayınmaqdır. Digər mühüm problem isə brendlərin adından açılan saxta hesabların (fake accounts) istehlakçıların aldadılmasına xidmət etməsidir.

Ekspert əlavə edib ki, müştəri məlumatlarının üçüncü tərəflərə ötürülməsi qanunla tənzimlənsə də, nəzarət və icrada boşluqlar mövcuddur: "Eyni zamanda, operatorların subpodratçıları vasitəsilə göndərilən kütləvi SMS-lərin ("spam" reklam mesajları) qarşısının alınması istiqamətində də nəzarət zəifdir".

Azərbaycanda rəqəmsal bazarın inkişafını ləngidən amillər arasında o, həmçinin "e-commerce" sektorunda logistika və ödəmə ekosistemindəki çatışmazlıqları, rəqəmsal analitikanın yetkin olmamasını, xarici platformalarda yerləşdirilən reklamlardan 18 % ƏDV tutulmasını, ölkədəki IT ekosisteminin tələblərə cavab verməməsini və nəticədə əksər şirkətlərin mobil tətbiqlərə malik olmamasını qeyd edib:

"Şirkətlərdə düzgün qurulmuş CRM sistemlərinin olmaması çoxkanallı marketinq fəaliyyətinin həyata keçirilməsinə mane olur".

B. Məliklinin fikrincə, dövlət müəyyən güzəştlər tətbiq etsə də, "e-commerce" ekosisteminin ölkə miqyasında formalaşmasında problemlər qalmaqdadır: "Alqı-satqı prosesi həyata keçirilsə də, logistika xüsusilə regionlarda ciddi çətinliklərlə müşahidə olunur. Sistemli ölçmələrin aparılması və kreativ kontentin yaradılmasında da boşluqlar var. Ən əsası isə ölkədə IT texnologiyaları üzrə peşəkar kadr çatışmazlığıdır".

Süni intellekt sektorun əsas hərəkətverici qüvvələrindən birinə çevrilib

Süni intellekt (AI) texnologiyaları çat-botlar və intellektual köməkçilərin işini optimallaşdıraraq müştərilərlə kommunikasiya səviyyəsini yüksəldir. AI həmçinin sosial şəbəkələrin monitorinqi, standart sorğulara cavabların hazırlanması, e-mail vasitəsilə həyata keçirilən marketinq kampaniyalarının idarə olunması kimi rutin əməliyyatları avtomatlaşdırır. Digər tərəfdən, neyroşəbəkələr müştərinin alış-veriş vərdişlərini, yaşayış məkanını, davranış modelini müxtəlif mənbələrdən əldə olunan məlumat əsasında təhlil edərək ona daha uyğun reklamların göstərilməsinə imkan yaradır. Nəticədə marketinq proqramlarının effektivliyi artır.

Ekspertin sözlərinə görə, süni intellekt artıq insan həyatının bir çox sahələrinə nüfuz etsə də, Azərbaycanda rəqəmsal marketinqdə onun tətbiqi hələ qənaətbəxş deyil: "Kreativ kontentin yaradılması, media planlaşdırma və optimallaşdırma, analitika, CRM avtomatlaşdırma və "AI agent" əsaslı müştəri dəstəyi məhsuldarlığı ciddi şəkildə artırır. Bizdə isə hətta sadə "ChatGPT" istifadəsi belə kifayət qədər yayılmayıb. Halbuki kiçik və orta bizneslər aşağıbüdcəli AI həlləri ilə böyük şirkətlərin 50-100 min manatlıq büdcə ilə əldə etdiyi nəticələri cəmi 2-3 min manat xərcləməklə qazana bilirlər".

B. Məlikli əlavə edib ki, hazırda böyük şirkətlər milyonlarla manat sərf edərək rəqəmsalı əsas marketinq kanalı kimi istifadə edirlər:

"Kiçik və orta bizneslər isə əsasən sosial media kanallarına üstünlük verirlər. Ümumiyyətlə, rəqəmsal və ənənəvi marketinq büdcələri məqsədlər üzrə fərqlənir. Performans yönümlü hədəflərdə - satış və "lead" toplama kimi hallarda rəqəmsal kanallar daha səmərəli olduğu üçün büdcənin böyük hissəsi onlara yönəlir. Kütləvi fərqindəlilik və imic kampaniyalarında isə televiziya və radio kimi ənənəvi vasitələr hələ də ön plandadır".

Azərbaycanda rəqəmsal marketinqin bazar payı 75 %-ə çata bilər

Ümumi tendensiya marketinq büdcələrinin ildən-ilə daha çox rəqəmsal kanallara yönəldiyini göstərir. B. Məliklinin sözlərinə görə, sektordan və hədəflərdən asılı olaraq mikro bizneslərdə rəqəmsal marketinq büdcəsi 2-4 min manat, kiçik sahibkarlıq subyektlərində 8-30 min manat, orta bizneslərdə 60-200 min manat, böyük şirkətlərdə isə 200 min manatdan 1 milyon manata qədər ola bilər.

Ekspertin proqnozuna görə, yaxın 5 ildə süni intellekt, CTV (Connected TV) və DOOH (Digital Out-of-Home) texnologiyalarının inkişafı nəticəsində Azərbaycanda rəqəmsal marketinqin bazar payı 60-75 %-ə yüksələcək:

"Marketoloqlar artıq bir kanalla nəticə əldə etməyin mümkünsüz olduğunu anlayır. Eyni anda sosial media, "Google" və radio reklamından istifadə etməklə daha geniş auditoriyaya çataraq satışların artımına nail olunmaq mümkündür. Bundan başqa, rəqəmsalın ənənəvi marketinqə inteqrasiyası da gedir: məsələn, "flayer"lərə QR kodların əlavə olunması, radioda istehlakçıların sayta yönləndirilməsi, SMS-lərdə izlənilə bilən linklərin istifadəsi bu sinerjini təmin edir. Bu model ənənəvi marketinqin tamamilə sıradan çıxmasının qarşısını alsa da, qarışıq media planlarında rəqəmsal kanallar əsas aparıcı rol oynamaqda davam edəcək".

Nəticə etibarı ilə, bu sahənin inkişafı üçün yalnız texnologiyaların tətbiqi ilə kifayətlənmək olmaz. Azərbaycanın rəqəmsal bazarının dayanıqlı inkişafı üçün hüquqi və institusional mühitin də çevik və modernləşdirilmiş olması vacibdir. Azərbaycan üçün bir neçə prioritet addımların atılması buna dəstək ola bilər. Bu addımlar sırasına "e-commerce" və rəqəmsal reklam qaydalarının bazarın transformasiya sürətinə uyğunlaşdırılması, istehlakçıların manipulyativ və saxta reklamlardan qorunması, rəqəmsal xidmətlər üçün vergi dərəcələrinin balanslaşdırılması, xarici platformalara ödənilən 18 %-lik ƏDV məsələsinin optimallaşdırılması, yerli startaplar üçün güzəştli rejimlərin yaradılması, peşəkar kadr hazırlığına investisiya, innovasiya mərkəzlərinin və akselerasiya proqramlarının genişləndirilməsi, regionlarda sürətli və etibarlı çatdırılma şəbəkələrinin qurulması, rəqəmsal ödəmə sistemlərinin təhlükəsizlik və əlçatanlığının artırılması, spam reklamların qarşısının alınması, müştəri məlumatlarının qorunması üzrə beynəlxalq standartlara yaxınlaşdırmasını aid etmək olar.

 Bu addımlar həyata keçirildiyi halda, Azərbaycan rəqəmsal marketinq və "e-commerce" sahəsində həm regionda, həm də qlobal bazarda daha güclü oyunçuya çevrilə bilər. Ən əsası isə süni intellekt texnologiyalarının geniş tətbiqi ilə ölkə sahibkarlığı daha az resursla daha böyük nəticələr əldə etmək imkanına sahib olacaq.