Azərbaycandakı ev təsərrüfatlarında olan stolüstü kompüterlərin sayı 2,4 % azalıb

İKT
  • 06 sentyabr, 2025
  • 09:39
Azərbaycandakı ev təsərrüfatlarında olan stolüstü kompüterlərin sayı 2,4 % azalıb

2024-cü ildə Azərbaycandakı ev təsərrüfatlarında 1 milyon 787 min 463 ədəd kompüter olub.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin göstəricisindən 25 min 854 ədəd və ya 1,5 % çoxdur.

Hesabat dövründə stolüstü kompüterlərin sayı 2,4 % azalaraq 345 min 674 ədəd, portativ kompüterlərin sayı 1,1 % artaraq 830 min 808 ədəd və planşet və ya digər oxşar avadanlıqların sayı 4,2 % artaraq 610 min 981 ədəd təşkil edib.

Ötən il ev təsərrüfatları üzrə hər 1 000 nəfərə 174,9 kompüter (bir il əvvəllə nisbətən 1,1 % çox) düşüb, o cümlədən 33,8 stolüstü kompüter (2,9 % az), 81,3 portativ kompüterlər (1 % çox) və 59,8 planşet və ya digər oxşar avadanlıq (3,8 % çox) düşüb.

Kompüterdən istifadə edənlərin 43,2 %-i (2,7 faiz bəndi az) 36-64 yaş qrupunda, 27,5 %-i (0,1 faiz bəndi az) 24 yaşadək, 26,4 %-i (2,2 faiz bəndi çox) 25-35 yaş qrupunda, 2,9 %-i (0,6 faiz bəndi çox) 64 yaşdan yuxarı olan şəxslərdir.