Aİ rəsmisi: "Qadınlar kibertəhlükəsizlik sektorunda yetərincə təmsil olunmurlar"
- 11 oktyabr, 2025
- 13:46
Hazırda dünyada qadınlar kibertəhlükəsizlik sektorunda yetərincə təmsil olunmurlar.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəsmisi Məryəm Hacı İsmayılova Bakıda keçirilən "Women in Cyber" - "Qadınların səsi, kibertəhlükəsizlikdə dayanıqlığın güclənməsi" mövzusunda beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, bu gün dünyada texnologiyanın əhəmiyyəti getdikcə artır və IT sahəsində bacarıqlı insanlara tələbat da artır: "Kibertəhlükəsizlik və gender bərabərliyi Aİ-nın əsas dəyərlərinin mərkəzində dayanır. Biz elə bir dövrdə yaşayırıq ki, rəqəmsal transformasiya cəmiyyətimizin hər aspektini formalaşdırır - ünsiyyətimizdən, öyrənməyimizdən, işimizdən və idarəetməmizdən tutmuş hər şeyə təsir edir. Lakin bu imkanlarla birlikdə risklər də gəlir. Kibertəhlükələr həm miqyas, həm də mürəkkəblik baxımından artır, kritik infrastrukturlarımızı, iqtisadiyyatları və şəxsi məlumatları təhdid edir",-deyə o qeyd edib.
Aİ rəsmisi əlavə edib ki, bu çağırışla üzləşmək üçün qitə ölkələri və onların qonşuları bütün səylərini səfərbər etməlidir: "Yaradıcı yanaşma və dözümlülük vacibdir. Biz bu cinayətə qarşı tək mübarizə apara bilmərik. Aİ hər kəsin, cinsindən asılı olmayaraq, rəqəmsal dövrdən faydalanmaq və bu dövrə töhfə vermək üçün ədalətli imkanlara malik olmasını təmin etmək istəyir".
Qeyd edək ki, tədbir "Femmes Digitales – Supporting Women in Tech" İctimai Birliyi və Estoniyanın Elektron Hökumət Akademiyası (e-Governance Academy, eGA) tərəfindən təşkil olunub və "Critical Infrastructure Defence Challenge 2025" (CIDC-2025) beynəlxalq kiberfestivalı çərçivəsində keçirilib.
Konfransın əsas tərəfdaşları kimi Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) çıxış edib.
Konfransda "Femmes Digitales" təşkilatının təsisçisi və sədri Jana Krimpe, e-Governance Academy (eGA) təşkilatının baş kibertəhlükəsizlik eksperti və layihə rəhbəri Elsa Neeme, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının İnformasiya və Kibertəhlükəsizlik İdarəsinin rəhbəri Nataliya Tkaçuk və digər beynəlxalq ekspertlər də çıxış ediblər.
Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində qadınların rolunun artırılması, böhran dövrlərində rəqəmsal dayanıqlığın gücləndirilməsi, regional əməkdaşlıq və ictimai etimadın möhkəmləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, konfransda regionun müxtəlif ölkələrindən olan 300-dən çox iştirakçı – kibertəhlükəsizlik mütəxəssisləri, dövlət rəsmiləri, akademiklər və gənc mütəxəssislər iştirak ediblər. Tədbirin məqsədi qadın kibertəhlükəsizlik mütəxəssisləri arasında peşəkar əlaqələrin qurulması, region ölkələri ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsi, liderlik bacarıqlarının inkişaf etdirilməsi və davamlı bilik mübadiləsi üçün platforma formalaşdırmaq olub. Eyni zamanda, konfrans iştirakçılara mədəni mübadilə, müxtəlif iş mühitlərində qarşılıqlı təcrübə öyrənmək və peşəkar inkişaf üçün konkret addımlar müəyyənləşdirmək imkanı yaradıb.