Hərbi paradda nümayiş etdirilən yerli silahlar strateji müstəqilliyin göstəricisidir - RƏY
- 10 noyabr, 2025
- 12:10
Zəfərin 5-ci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan dövlətinin və ordusunun qüdrətinin ən yüksək səviyyədə nümayişi hesab oluna bilər.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O bildirib ki, bu parad Azərbaycanın müasir geosiyasi reallıqlar fonunda özünü regional güc mərkəzi kimi təsdiq etdiyinin ən parlaq sübutudur: "Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan "güclü dövlət – güclü ordu" konsepsiyası artıq, sadəcə hərbi-siyasi doktrina deyil, praktik reallığa çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Azərbaycanın hərbi imkanları keyfiyyətcə yeni mərhələyə keçib. Bakıda keçirilən parad da bu keçidin vizual və strateji ifadəsidir. Son beş il ərzində Azərbaycan Ordusu təkcə yeni silah sistemləri ilə deyil, həm də idarəetmə, komanda-nəzarət və kəşfiyyat infrastrukturunda həyata keçirilən islahatlarla fərqlənir".
Deputat vurğulayıb ki, paradda nümayiş etdirilən yerli istehsal dronları, artilleriya sistemləri, zirehli texnika və yüksək dəqiqlikli zərbə vasitələri Azərbaycanın artıq silah idxalçısı deyil, regional hərbi texnologiya istehsalçısı mərhələsinə keçdiyini göstərir: "Bu, həm milli innovasiya potensialının, həm də strateji müstəqilliyin göstəricisidir. Bakıda keçirilən hərbi parad ölkəmizin hərbi qüdrətinin yeni bir mərhələyə keçidinin nümayiş etdirməsi ilə yanaşı, həm də çox önəmli siyasi mesaj daşıyan tədbir kimi də təqdim oluna bilər".
Azərbaycanın türk və müsəlman dünyasında ortaq gücün və həmrəyliyin simvolu olduğunu deyən deputat ölkənin beynəlxalq sistemə regional balans yaradan yeni mərkəz kimi təqdim olunduğunu qeyd edib:
"Prezident İlham Əliyevin parad zamanı çıxışı bu baxımdan konseptual əhəmiyyət daşıyır. Dövlət başçısı vurğuladı ki, Azərbaycan heç kimin torpağında gözü olmayan, lakin öz ərazi bütövlüyünü qorumaqda qətiyyətli dövlətdir. Bu, həm hüquqi, həm mənəvi, həm də strateji səviyyədə beynəlxalq münasibətlər sisteminə ünvanlanan mühüm bəyanat hesab olunmalıdır. Zəfərin 5-ci ildönümü həm də Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin və dövlətə inamının bayramıdır. 2020-ci ildə başlanan Böyük Qayıdış prosesi, azad edilmiş torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, Şuşa, Füzuli, Zəngilan və Laçında qurulan yeni həyat – bütün bunlar ordunun qazandığı Zəfərin sülh və inkişaf mərhələsinə keçidinin təzahürüdür".
Deputatın fikrincə, Bakıda keçirilən hərbi paradı Azərbaycanın regionda sülhün təminatçısı, real gücün daşıyıcısı və sabitliyin rəmzi olduğunu nümayiş etdirdi: "Müasir dövrün reallıqları göstərir ki, güclü dövlət olmaq, yalnız iqtisadi və hərbi gücə sahib olmaq deyil, milli ruhu, strateji düşüncəni və liderlik missiyasını da özündə birləşdirməkdir".