Azərbaycan və Gürcüstan kibertəhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib
- 08 oktyabr, 2025
- 12:59

Gürcüstanın Müdafiə Nazirliyində LEPL-in Kibertəhlükəsizlik Bürosu ilə Azərbaycan nümayəndələri arasında görüş keçirilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazirlikdən verilən məlumata görə, görüş zamanı kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Kibertəhlükəsizlik Bürosunun rəhbəri Luka Mgeladze Azərbaycan nümayəndə heyətinə Büronun strukturu, fəaliyyət istiqamətləri və həyata keçirilən layihələr barədə məlumat verib. O, həmçinin bu sahədə planlaşdırılan yeni təşəbbüslər barədə də danışıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri polkovnik-leytenant Elşən Həsənov qarşı tərəfə Azərbaycanın kibertəhlükəsizlik sahəsində gördüyü işlər, milli sistemin strukturu və prioritetləri haqqında məlumat verib.
Tərəflər kibertəhlükəsizlik istiqamətində əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsi barədə razılığa gəliblər.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti David Aqmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasını da ziyarət edib. Burada nümayəndələr informatika ixtisası üzrə təhsil alan kursantlarla görüş keçirib, tədris prosesini izləyiblər.
Nümayəndə heyətinin üzvləri, həmçinin Şindisi Memorialını ziyarət edərək Gürcüstanın qəhrəman hərbçilərinin xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, bu görüş iki ölkənin kibertəhlükəsizlik qurumları arasında ikitərəfli əməkdaşlıq planı çərçivəsində keçirilən üçüncü görüşdür.