Monteneqro məhkəməsi Azərbaycan və Türkiyə vətəndaşlarını sərbəst buraxıb
- 31 oktyabr, 2025
- 12:34
 
                            
                            
                        Monteneqro Ali Məhkəməsi bir müddət əvvəl Podqoritsada baş verən insidentlə əlaqədar həbs olunan Türkiyə və Azərbaycan vətəndaşlarının həbsini ləğv edib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Onların məlumatına görə, məhkəmə təqsirləndirilən şəxslərin cinayətdə şübhələndirilməsi üçün kifayət qədər əsasların olmadığını müəyyən edib. Bununla belə, qeyd olunur ki, insidentlə bağlı iş bağlanmayıb.
Bir neçə gün əvvəl xarici mətbuatda bir qrup Azərbaycan və Türkiyə vətəndaşlarının yerli sakinlərlə qarşıdurması barədə məlumatlar dərc olunub. Bundan sonra bir neçə nəfər polis tərəfindən saxlanılmışdı.
Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva bu məsələ ilə bağlı monteneqrolu həmkarı Sinişa Bjekoviçə məktub ünvanlamışdı.
Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyindən isə bildirilmişdi ki, bununla bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.
