İsmayıllıda 2 nəfərin öldüyü avtoqəzada yaralananlar xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
- 31 mart, 2026
- 11:33
Martın 31-i saat 05:30 radələrində İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2 kişi, 1 qadın) İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, hadisə zamanı 2000-ci il və 2023-cü il təvəllüdlü şəxslərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
İsmayıllı rayonunda ağır avtoqəza olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində Nicat Əsgərovun idarə etdiyi "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı körpə (qız) hadisə yerində ölüblər.
Həmçinin, avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.